UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz Ağdamın "Qarabağ" klubu qrup mərhələsində son iki oyununu keçirəcək. Oktyabrın 27-də "köhlən atlar" ilk oyunda qalib gəldikləri (3:0) "Nant"ın qonağı olacaq. 7 gün sonra Qurban Qurbanovun yetirmələri Almaniyada 1:2 hesabı ilə məğlub olduqları "Frayburq"u evdə qəbul edəcəklər.
Fanat.Az qrup oyununda "Qarabağ"ın qarşılaşacağı "Nant" və "Frayburq" klublarının ölkə çempionatlarındakı hazırki vəziyyətini təqdim edir:
"Nant"
Ardıcıl 7 oyundur (6 məğlubiyyət və 1 heç-heçə) qalibiyyətin nə olduğunu bilməyən "sarı bülbüllər" son turda "Brest"dən 3 xal almağı bacarıb. Öz evində çempionatın autsayderini 4:1 hesabı ilə yenən "Nant" hazırda 11 oyuna 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
"Qarabağ"la oyundan öncə komanda səfərdə ondan iki xal irəlidə olan "Nitsa" kollektivinin qonağı olacaq.
"Frayburq"
Bundesliqa çərçivəsində cəmi iki dəfə məğlub olan "Frayburq" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Çempionat ərzində 5 qələbə qazanan komanda son turda "Bayern Münhen"nə 5:0 hesabı ilə yenilib. Bu gün "Frayburq" ölkə kuboku çərçivəsində "Sant-Pauli"ni qəbul edəcək. Oktyabrın 22-də Bundesliqa çərçivəsində öz meydanında "Verder Bremen"lə üz-üzə gələcək Kristian Ştrayxın yetirmələri 5 gün sonra UEFA AL-də "Olimpiakos"u qonaq edəcək.
Emin Şəmsiyev