Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90min": "Tottenhem" "Çelsi"nin maraqlandığı futbolçuya göz dikib. Söhbət "İnter"in müdafiəçisi Denzel Dümfrisdən gedir. "Tottenhem" artıq A Seriyası təmsilçisi ilə əlaqə saxlayıb. Hazırda maliyyə sıxıntısı yaşayan "İnter" Dümfrisi satmağa məcburdur.
İngiltərə klubunun baş məşqçisi Antonio Konte Denzelə heyətdə yer açmaq üçün yanvarda Emerson Royal, ya da Metta Doertini satmağı planlaşdırır.
Onu da qeyd edək ki, Niderland millisinin 26 yaşlı futbolçusu "Mançester Yunayted"in də hədəfindədir".
İnsayder Ben Ceykobs, "CBS Sports Golazo": "Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ulduz futbolçu Kriştianu Ronaldunu transfer edəcəyindən əmindir. Ərəbistan təmsilçisi portuqaliyalı hücumçuya rəsmi təklif göndərən ilk klub olmaq üçün çalışmalara start verib. "Əl Nəsr"in rəhbərliyi dünya futbolunun ulduzunu bu qış heyətinə qatacağına ümid edir".
"The Athletic": "PSJ-nin futbolçusu Kilian Mbappe gələn yay klubunu dəyişə bilər. Paris təmsilçisi də artıq onun mümkün gedişinə hazırdır. Ötən il "Real Madrid"ə "yox" deyərək PSJ ilə müqaviləni yeniləyən Fransa millisinin hücumçusu karyerasını Liqa I-də davam etdirməyə tərəddüd edir. 2023-cü ilin yayında Mbappenin cari müqaviləsinin müddətinin bitməsinə 12 ay qalmış olacaq. Ancaq indidən klublar futbolçu üçün irəli atılıb. PSJ isə Kilianı pulsuz buraxmaq niyyətində deyil. Klub daha əvvəl onu "Real"a 180 milyona satmaqdan imtina etmişdi. Ancaq indiki durumda PSJ yüksək məbləğ qarşılığında Mbapenni göndərməyə hazırdır".
"Fichajes": "Ayaks"ın hücumçusu Mohammed Kudus DÇ-2022-də parlaq çıxışı ilə məşhur klubların diqqətini çəkib. "Liverpul", "Çelsi", "Real Madrid" və PSJ 22 yaşlı forvardı hədəfə alıb. "De Telegraaf" da "Liverpul" və "Everton"un tezliklə Kudusu transfer etmək fikrində olduğunu yazıb.
Röya Kərimli