
UFC-dəki debüt döyüşündə braziliyalı Cefferson Nasimentonu texniki nokautla məğlub edərək diqqətləri üzərinə çəkən təmsilçimiz Tahir Abdullayev Fanat.Az-a özəl müsahibə verib.
Oktaqondakı parlaq qələbəsindən söz açan 29 yaşlı döyüşçü karyerasındakı son yeniliklər, məşq prosesi və gələcək planları ilə bağlı suallarımızı cavablandırıb.
- UFC-dəki növbəti döyüşünlə bağlı hazırlıqlar necə gedir, rəqib və tarix dəqiqləşibmi?
"Döyüşə hazırlıq əla gedir, artıq təlim-məşq prosesinə başlamışıq. Növbəti rəqibim və döyüşün keçiriləcəyi tarix bəllidir. UFC rəhbərliyi və əməkdaşları ilə danışıb hər şeyi razılaşdırmışıq. İnşallah, yenidən qalib gələn tərəf biz olacağıq."
- Qələbəndən sonra Masallı və Sumqayıt güləş məktəblərinin, eləcə də Ruslan müəllimin adını çəkdin. Bu məktəblərin təcrübəsi oktaqondakı döyüş stilinə və parter müdafiənə necə təsir göstərdi?
"Masallı və Sumqayıt güləş məktəbləri qələbə qazanmağımda böyük rol oynadı. Çünki mənim idman bazam məhz güləşdir və bu növün sirrlərini burada öyrənmişəm. Əlbəttə, hazırlıq prosesim başqa ölkələrdə, fərqli mühitlərdə də keçib. Lakin Ruslan müəllimin üzərimdəki əməyi danılmazdır. Sürətli çəki salmaq, çəkini bərpa etmək və texnikadan düzgün istifadə etmək qaydalarını məhz onun sayəsində mənimsəmişəm. Növbəti döyüşümə də elə onunla birlikdə hazırlaşırıq."
- Yarımorta çəki divizionu çox rəqabətlidir. Top-15-ə yüksəlmək üçün xüsusi istədiyin rəqib var, yoxsa təklif olunan hər kəslə döyüşməyə hazırsan?
"Əlbəttə, bu çəkidə rəqiblər çox güclüdür. Demək olar ki, bu gün UFC-də ən çətin və rəqabətli çəki dərəcəsi elə mənim yarışdığım diviziondur. Lakin biz her şeyə hazırıq. UFC bizdən heç vaxt "yox" sözü eşitməyəcək. Onlar bizə rəqibi və döyüş yerini deyirlər, biz isə nə vaxt hazır olacağımızı bildiririk. Daha sonra müqaviləni bağlayıb oktaqona çıxırıq."
- Azarkeşlərimiz səni bu il bitmədən yenidən oktaqonda görə biləcəklər?
"Bəli, tamamilə doğrudur. Bütün azarkeşlərimə dəstəklərinə görə təşəkkür edirəm, tezliklə növbəti sevindirici xəbərlərlə görüşəcəyik."
Kamil Xudiyev