"Yuventus"un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero UEFA Çempionlar Liqasının yarımfinal matçından - "Mançester Siti" - "Real Madrid" (4:3) qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" ulduz veteranın söylədiklərini belə çatdırıb:
"Nəfəskəsən oyun idi. "Mançester Siti" 4 yox, 8 qol da vura bilərdi. Bəzən kənardan xırda görünən detallar yekunda həlledici olur.
Digər tərəfdən, "Real"ın çempion futbolçulardan qurulmuş heyəti var. Kərim Benzema və Luka Modriç nadir futbolçulardır. Belələrinə qarşı səhv etsən, səni dərhal cəzalandıracaqlar. Hamı Benzemanın nə etdiyini gördü. "Real" 0:2 hesabı ilə geridə olduğu zaman topu ələ keçirdi və fərqi azaldaraq komandasını ümidləndirdi. Bu, o deməkdir ki, "Real"ın hələ finala yüksəlmək şansı az deyil. Hə, madridlilərin bir qədər bəxti gətirdi. Ancaq hər şeyi bəxtlə bağlamaq da olmaz. Benzema, Modriç, Kroos kimi oyunçular təzyiq altında sakitliyi necə qorumalı olduqlarını bilən oyunçulardır".
Nihat