Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Liverpul" "Vilyarreal"ın qonağı olacaq.
İngiltərə təmsilçisinin baş məşqçisi Yürgen Klopp matçdan əvvəl UEFA-nın rəsmi saytına danışıb:
"Yarımfinalda bir daha oynamaq şansınızın olub-olmayacağını heç vaxt bilə bilməzsiniz. Ona görə belə fürsətləri qiymətləndirmək və böyük məsuliyyətlə yanaşmaq lazımdır. Oyuna ən yaxşı şəkildə hazırlaşırıq. Biz bu mərhələyə çatmağı və finala yüksəlməyi çox istəyirdik. Ancaq "Vilyarreal" bizi məğlub edib finala yüksəlsə, rəqibi təbrik edəcəyik".
Alman mütəxəssis zədəli futbolçu Firminonun da vəziyyəti ilə bağlı məlumat verib:
"Ona qaçmaq olmaz. Zədəsi çox ciddi deyil, ancaq xəsarət alan ayağ sümüyü ona ağrı verir. O, bizimlə İspaniyaya gedəcək, ancaq adı iştirak ərizəsinə daxil edilməyəcək. Ümid edirik ki, tezliklə sağalacaq”.
Qeyd edək ki, "Vilyarreal" - "Liverpul" matçı bu axşam Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bu komandalar arasında ilk görüş "mersisaydlılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Röya