Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha 5 görüş keçirilib.
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ni qəbul edib.
Dörd əsas heyət üzvünün - Kevin Medina, Maksim Medvedev, Riçard Almeyda və Kadinin xidmətindən məhrum olan Ağdam təmsilçisi Bakıdakı matçda 1:1 hesablı heç-heçə ilə kifayətlənib.
"Budyo Qlimt" öz meydanında "Jalgiris"ə 5 cavabsız qol vuraraq ikinci qarşılaşmanı formallığa çevirib.
Hayfa "Makkabi"si İsraildə Kiprin "Apollon" klubunun ümidlərinin üstündən xətt çəkib - 4:0.
Kiyev "Dinamo"su Avstriyanın "Şturm" klubunu minimal hesabla üstələyərək növbəti mərhələyə adlamaq şansını yaxşılaşdırıb.
Ermənistan təmsilçisi "Pünik" isə Serbiya səfərində yerli "Srvena Zvezda"ya biabırçı hesabla uduzub.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
3 avqust
"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) 1:1
“Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva) 5:0
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) 4:0
“Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya) 1:0
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) 5:0