Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stuart Braun, səyahət meneceri Kelli Braun, mühafizə xidmətinin rəhbəri Toni Konniford və mühafizə xidmətinin əməkdaşı Stiv Levisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, "Bakcell Arena"ya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.
Xatırladaq ki, "AVRO-2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var. Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.
Fanat.Az