Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla U-19-un üzvü Həsən Nəzərovun formasını geyindikləri “Ankaragücü” Türkiyənin I Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 20-ci tur çərçivəsində “Şanlıurfaspor”un qonağı olub.
Ankara təmsilçisi oyundan 1:0 qalib ayrılıb. Renat qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
Həsən isə bu dəfə sonadək ehtiyatda qalıb.
“Ankaragücü” 20 turdan sonra 30 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçularımızın komandası 20 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 16 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.