Bu gün futbol veteranı Yunis Hüseynovun 60 illik yubileyidir.
Fanat.Az xəbər verir ki, beynəlxalq dərəcəli hakim, sabiq FİFA referisi Tahir Süleymanov özünün sosial şəbəkə hesabında paylaşım edərək təcrübəli məşqçini təbrik edib:
"Zaman tez keçir... Təvəllüdümüzdə bir il fərq görünsə də, reallıqda bir ay müddət ayırır. Yaşıd olmağımız futbolda paralel addımlamağmızı şərtləndirmişdi. Birimiz referi, digərimiz futbolçu kimi... İllərimiz, gəncliyiniz yaşıl meydanlarda keçdi...
Yunis Hüseynov fantastik istedada sahib idi.
Texnikası, meydanı görmək qabiliyyəti, çevikliyi, yaradıcılığı, liderlik keyfiyyətləri meydanboyu istədiyi oyunu göstərməyə imkan yaradırdı. "Solaxay" cərimə zərbələrini yerinə yetirərkən həmişə "doqquzluğ"u nişan alırdı...
"7 nömrə" hər zaman gülərüzlülüyü, zarafatçıllığı ilə yanaşı ağırlığı ilə seçilirdi. İllər keçsə də, bu gün də belədir...
Yunis Hüseynov gənc yaşlarından artıq "Neftçi"də parladı, 80-ci illərin ortalarından mini Çempionlar Liqası sayılan SSRİ çempionatının elitasında çıxış etdi. Olimpiya yığmasının üzvü "Seul-88"-in də çempionu olmalıydı. Olmadı, imkan vermədilər...
Müstəqillik illərimizdə Yunis Hüseynov və komanda yoldaşları daxili çempionatda "tək ayaqla" futbol oynayırdılar. Çempionatda şəraitsizlik və səviyyə fərqi özünü açıq-aşkar göstərirdi. Bir çox bacarıqlı futbolçular kimi, ölkəni tərk etmədi. Yunis Hüseynov birmənalı olaraq, nəinki Türkiyə, Avropanın aparıcı liqalarında oynamağa layiq istedada malik idi.
İllər keçdi...
Bu gün dəyərli həmyaşıdım 60 illik yubileyini qeyd edir. Dəyişməz simasını qoruyan Yunis Hüseynova ən azı özü səviyyəsində futbolçularla çalışmağı arzu edirəm. Azərbaycan futbolunun Yunis Hüseynov kimi yeni-yeni istedadlara böyük ehtiyacı var..."