Misli Premyer Liqasının 31-turunda "Neftçi" ilə qarşılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 qalib gəldikləri matçla bağlı belə danışıb:
"İlk növbədə azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Çoxdandır bu stadiondakı çempionat oyunlarımızda belə ab-hava olmurdu. Futbolçularıma yaxşı motivasiya verdilər.
Komandamı təbrik edirəm. Bu gün çox istəkli idilər. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. "Neftçi"yə uğurlar arzu edirəm.
İstərdim ki, öz oyunumuzda çempionluq əldə edək. Çempionluğu növbəti turda təmin etməyi arzulayardım, nəinki sabah "Zirə"nin xal itirməsinə ümid etmək. İstənilən halda, hər çempionluq bir təəssürat, bir inam, bir özgüvən verir. Yenə deyirəm, növbəti oyunumuzda çempionluğu əldə etməyi istərdim.
Kuboka qədər bir neçə gün vaxt var. Futbolçulara əsasən bərpa lazım olacaq. Bir tam məşq keçə biləcəyik. Amma yaxşı hazırlaşacağıq".