Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda keçirdiyi son oyunun ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Bild" nəşri 27 yaşlı hücumçunun dediklərini belə çatdırıb:
"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. Əlbəttə, indi başa çatması üzücüdür. Bu şəkildə vidalaşa bildiyim üçün şadam.
Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə dəqiqləşməyib. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".
Qeyd edək ki, Mahir ikinci Bundesliqanın 34-cü turunda "Ayntaxt Braunşveyq"lə matçda het-trik edib.
Mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb və klub onunla vidalaşıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Mahirlə bir Bundesliqa klubunun, həmçinin, "Kayzerslautern"in maraqlandığı bildirilir.