"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingem Dortmund "Borussiya"sına keçib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, transfer 33 milyona, üstəlik 5 milyon avro bonusa başa gəlib. Üstəlik, İngiltərə klubu sonrakı satışlardan 15 faizini də əldə edəcək.
Romano bu satışın ingilis klubu üçün rekord olduğunu qeyd edib.
Müqavilənin 5 illik olduğu bildirilir.
2024/25 mövsümündə Cob "Sanderlend"in heyətində bütün yarışlarda 43 matçda iştirak edib. 19 yaşlı ingilis yarımmüdafiəçi bu görüşlərdə 4 qol vurub və 3 məhsuldar ötürmə verib. O, bu mövsüm çempionatın ən yaxşı gənc oyunçusu elan olunub.
Qeyd edək ki, futbolçunun qardaşı Cud "Real Madrid"ə keçənə qədər Dortmund "Borussiya"sında da çıxış edib.