Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev ölkəsinin Avropa əvəzinə Asiyadan çıxış edərək Özbəkistan kimi, dünya çempionatına yollanmaq imkanları ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Sports24.kz təcrübəli mütəxəssisin fikirlərini belə çatdırıb:
"Sizinlə tamamilə razıyam: dünya çempionatına getməliyik və bu, Asiyadan daha real görünür. Ölkənin UEFA və ya AFC-də iştirakı məsələsi rəhbərliyin qərarıdır. Ancaq peşəkar nöqteyi-nəzərdən yanaşsam, UEFA daha çox imkanlar yaradır. Avropa futbol sistemi vasitəsilə Qazaxıstan klubları ciddi maliyyə alır. Qazaxıstan futbolu uzun illərdir UEFA-dan müəyyən pullar alır. Yəni, AFC-nin ömründə heç vaxt ayırmadığı pulları Avropa futbol qurumu ölkədə futbolun inkişafı üçün ayırır. Hətta bir çox klublar UEFA-dan həmrəylik ödənişləri alır. "Astana"nın müəyyən mərhələlərdən keçməklə, qrupda oynamaqla nə qədər qazandığını bilirsiz? Asiya futbol qurumunda tapa bilməyəcəyiniz məbləğdə. Mən yalnız öz baxışımı ifadə edirəm: Asiyada oynasaq, Fransa millisi ilə gələn Mbappeni "Astana Arena"da görə bilməyəcəyik".
Qeyd edək ki, Özbəkistan ötən həftə tarix yazaraq dünya çempionatına vəsiqə əldə edib. Asiyalılar DÇ-2026-da debüt edəcəklər.
Mirağa