"Səbail" klubunda sponsorla rəhbərlik arasında narazılıq yaşanır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, səbəb klubun büdcəsində yeyinti şübhəsidir.
Sponsor bu mövsüm "Səbail"in akademiyasına geyim dəstləri üçün 40 min avro (təxminən 80 min manat) vəsait ayırıb. Ancaq həmin məbləğ təyinatı üzrə xərclənməyib. Daha doğrusu, rəhbərliyin göstərişi ilə formaların uşaqların valideynlərinə aldırıldığı, üzərinə sonradan loqolar yerləşdirildiyi bildirilir.
Məsələ ilə bağlı klubun mövqeyini də öyrənməyə çalışdıq. "Dənizçilər"in sözçüsü Rəşad Məmmədov bu barədə belə danışdı:
"Bu cür absurd fikirlərin hardan çıxdığını bilmirəm. Səslənən fikirlər əsassız və cəfəngiyatdır. “Səbail” PFK-nın akademiyası mövsüm ərzində əsas komandanın geyindiyi "Adidas" brendinə məxsus idman geyimləri ilə təmin edilib. Heç bir valideyndən hansısa geyimə və inventara görə hansısa məbləğ alınmayıb. Tək geyim məsələsi deyil, akademiyamız mövsüm ərzində bütün inventar və toplarla tam şəkildə təmin edilib. Bundan başqa, akademiya mövsüm ərzində istər paytaxt, istərsə də bölgə oyunlarına avtobusla göndərilib. Bölgə oyunları zamanı bütün akademiya üzvləri yeməklə təmin edilib. Bir sözlə, səslənən fikirlər tam əsassızdır".
Qeyd edək ki, "Səbail"in akademiyasında oğlanlardan ibarət 9 yaş qrupu (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19), o cümlədən qızlardan ibarət bir (U-13), eləcə də əvəzedici komanda fəaliyyət göstərir. Akademiyada təxminən 200 yeniyetmə futbolun sirlərinə yiyələnir.
Mirağa