"Sumqayıt"da qeyri-müəyyənlik davam edir. "Kimyaçılar" hazırda baş məşqçisizdir. Komandanın "sükanı arxası"na gətiriləcək çalışdırıcı ilə bağlı bir neçə mütəxəssisin adı çəkilir. Konkret, yerli məşqçilərdən Azər Bağırov, Arif Əsədov, Samir Əliyev və digərləri namizəd göstərilir. Baş məşqçi təyinatı nə vaxt reallaşacaq? "Sumqayıt" yerli-yoxsa əcnəbi mütəxəssisə üstünlük verəcək? Komandadan kimlər göndəriləcək? Bu və ya digər suallara cavab tapmaq üçün klub prezidenti Riad Rəfiyevlə əlaqə saxladıq.
Klub funksioneri Fanat.Az-a bunları bildirdi:
"Baş məşqçi axtarışlarımız davam edir. Danışıq apardığımız məşqçilər var. Tələsmirik, təlim-məşq toplanışına qədər yeni baş məşqçinin təyinatını rəsmiləşdirəcəyik.
Konkret adlar çəkmək istəmirəm. Yerli və ya əcnəbi mütəxəssis seçimi etməmişik. Yəni yerli də ola bilər, əcnəbi də. Çalışırıq ki, yaxın zamanda bu məsələni sonlandıraq.
Gədənlər barədə artıq məlumat verilib. Başqaları da ola bilər. Çünki bir çox oyunçunun müqaviləsinin müddəti başa çatıb. Anlaşma müddəti bitən bəzi oyunçularla yeni müqavilə üçün danışıq aparırıq. Təbii ki, transferlərimiz olacaq, gedənlərin yerinə kənardan oyunçular cəlb olunacaq. Hələ razılıq əldə olunmadığı üçün ad açıqlamağım düzgün olmaz.
O ki qaldı təlim-məşq toplanışına, növbəti mövsüm üçün iki həftəlik hazırlıq nəzərdə tutulub. Toplanışın Türkiyədə keçirilməsi nəzərdə tutulub. Tarix və Türkiyənin hansı bölgəsinin məkan seçiləcəyi hələ dəqiqləşməyib. Yer və gün, o cümlədən rəqiblər yaxın vaxtda elan olunacaq".
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada son mövsümü 8-ci yerdə başa vurub. Bu nəticəyə qane olmayan "Gənclik şəhəri" təmsilçisinin rəhbərliyi Vaqif Cavadovu baş məşqçi postundan göndərib.
Mirağa