İspaniya La Liqasının prezidenti Xavyer Tebas klublararası dünya çempionatının formatı ilə bağlı FİFA-nı tənqid edib.
Fanat.Az xəbər verir ki, qurum funksioneri bunun milli liqalara, xüsusən də İspaniyaya ciddi problem yaradacağını deyib.
"Cadena Cope" Tebasın dediklərini belə çatdırıb:
"Bu, tamamilə gülüncdür. Problem təkcə oyunçuların həddindən artıq fiziki gərginliyə məruz qalmasında deyil. Bu formada turnirin özü bütün futbol ekosisteminin tarazlığını pozur, xüsusən də Avropada. Artıq suallar verilir: "Real" və "Atletiko Madrid" La Liqada mövsümə nə vaxt başlaya biləcək? Bu, liqanın cədvəlini təhlükə altına qoyur və bizə mənfi təsir göstərir.
FİFA İspaniya tərəfi ilə nə turnirin tarixini, nə də təşkilati detalları müzakirə etməyib. Heç kim bizimlə ümumiyyətlə məsləhətləşmədi. Bu qərar birtərəfli qaydada qəbul edilib".
Qeyd edək ki, yenilənmiş klublararası dünya çempionatı iyunun 15-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Turnir tarixdə ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq və milli komandalar arasında dünya çempionatının formatını xatırladacaq.