Almaniyanın "Bayern Münhen" və Braziliyanın "Flamenqo" klubları klublararası dünya çempionatının pley-off mərhələsinin ilk iştirakçıları olublar.
Fanat.Az xəbər verir ki, şənbə gecəsi "Bayern" qrup mərhələsinin II turunda Argentinanın "Boka Xuniors" komandasını 2:1 hesabı ilə yenib.
İki turdan sonra Münhen təmsilçisi 6 xalla C qrupunda turnir cədvəlinə başçılıq edir. Onları Portuqaliyanın "Benfika" (4), "Boka Xuniors" (1) və Yeni Zelandiyanın "Oklend Siti" (0) izləyir.
Növbəti turda "Bayern" - "Benfika", "Boka Xuniors" - "Oklend Siti" qarşılaşmaları baş tutacaq. Görüşlər iyunun 24-də keçiriləcək.
Oyun gününün digər matçında Tunis təmsilçisi “Esperans” ABŞ-nin “Los-Anceles” klubuna qalib gəlib - 1:0. Bu nəticə sayəsində "Flamenqo" (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib. Çünki hərəyə 3 xalı olan "Esperans" və İngiltərənin "Çelsi" klubu qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq.
Paralel matçda "Los-Anceles" "Flamenqo" ilə qarşılaşacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı ABŞ-də keçirilir. Yarışda ilk dəfə səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər "kvartet"də iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.