Bir müddət əvvəl Azər Məmmədovla anlaşan "Karvan"ın gəncəli mütəxəssislə işbirliyi baş tutmayıb.
Bu barədə Fanat.Az-a danışan təcrübəli məşqçi Yevlax təmsilçisindən ayrılmasının səbəbini belə izah edib:
"Bəli, "artıq "Karvan"la bağlılığım qalmayıb. Sırf maliyyə ilə bağlı deyil, müəyyən məsələlər oldu. Səbəbi özümə aiddir, açıqlamasam yaxşı olar. Heç bir narazılıqdan söhbət gedə bilməz. Əksinə, "Karvan" rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənə dəvət göndərdilər, dəstək oldular. Kənan Kərimov da sağ olsun, mənimlə birlikdə işləmək istəyirdi. Amma belə alındı. Ona və komandasına Premyer Liqada uğur arzulayıram. Məqsədləri bu il elitada qalmaqdır, inşallah, bunu bacararlar".
Məmmədov "Kəpəz"in akademiyasına dəvət alması ilə bağlı xəbərə belə münasibət bildirib:
"Açığı, hələ rəsmi təklif, görüş olmayıb. Amma kluba yaxın şəxslərdən, Gəncə futbol ictimaiyyətinin nümayəndələrindən eşitmişəm ki, akademiyaya rəhbərlik etmək baxımından adım namizəddir. Alınsa, bu haqda mətbuata məlumat veriləcək".
Qeyd edək ki, növbəti mövsüm Premyer Liqada debüt edəcək "Karvan" Azər Məmmədovu məşqçilər korpusuna köməkçi kimi cəlb etmişdi. Azər Məmmədovun baş məşqçi Kənan Kərimovun əsas köməkçisi olması planlaşdırılırdı. Əslində isə matçın protokolunda "Kəpəz"in sabiq çalışdırıcısının adı qeyd olunacaqdı. Səbəb Kənan Kərimovun Pro kateqoriyasının olmaması ilə bağlıdır.
"Karvan"ın həmin problemi qaldığı üçün klub rəhbərliyi yenə Pro kateqoriyalı yerli mütəxəssislərlə danışıq aparır.
Mirağa