Gələn həftədən etibarən Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayır. Məlum olduğu kimi, Azərbaycanın 4 təmsilçisi, "Qarabağ", "Zirə", "Araz-Naxçıvan" və kubokun fqalibi "Sabah" ölkəmizi qitə klub turnirlərində təmsil edəcək.
Təmsilçilərimizdən üçü avrokuboklara ikinci mərhələdən qoşulacaq. Yalnız "Sabah" Avropa Liqasına birinci mərhələdən başlayacaq. Rəqiblər də bilindiyindən qalır oyunlara tamaşa etmək. Bəs komandalarımızın çıxışları canlı yayımlanacaqmı?
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "CBC Sport” daha çox maraq doğuran "Qarabağ”ın Çempionlar Liqasındakı oyununu ("Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi) və "Zirə”nin Konfrans Liqasında "Hayduk” (Xorvatiya) ilə qarşılaşmasını ekranlara daşıyacaq.
Kanalın xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov saytımıza açıqlamasında bildirib ki, Konfrans Liqasında çıxış edəcək "Zirə" ilə "Araz-Naxçıvan"ın səfər oyunlarının demək olar, üst-üstə düşməsi (müvafiq olaraq (31 iyun, saat 23:00 və 31 iyun 22:15-də başlayacaq) onları seçim qarşısında qoyub və "qartallar"ın həm ev, həm də səfər matçını yayımlamağa üstünlük veriblər: "Hazırda klublarla danışıqlar davam edir və hələ müqavilə bağlamamışıq. Bununla belə, "Qarabağ" və "Zirə"nin oyunlarını göstərməyi planlaşdırırıq. "Araz-Naxçıvan"ın Yunanıstan "Aris"i ilə Bakıdakı oyununu da çəkməyə kömək edə bilərik. Amma səfər matçı "Zirə"nin oyunu ilə demək olar, üst-üstə düşür. Ona görə də göstərə bilmərik".
Naxçıvan klubundan aldığımız məlumata görə, "Aris"lə oyunu göstərmək istəyən "İdman TV" və "Xəzər"dən təklif olub. Məsələyə gələn həftə aydınlıq gətiriləcək.
O ki qaldı "Sabah"ın Sloveniya təmsilçisi "Sele" ilə oyunlarına, hər iki görüşü "İctimai” TV vasitəsiylə izləmək mümkün olacaq.
Mirağa