Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
2025/2026 avrokubok mövsümündə "ilk qaranquş" "Sabah" olacaq. UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək Bakı komandası bir həftə sonra ilk sınağına çıxacaq. Əslində, hələ püşkatmadan sonra "bayquşlar"ın rəqibini müəyyən qədər tanıtmışdıq. Ancaq zaman keçdikcə Sloveniya təmsilçisi "Sele"də də dəyişikliklər baş verir.
Fanat.Az rəqib komanda barədə vacib məlumatları təqdim edir:
Klubun yaranma tarixi və nailiyyətləri
1919-cu ildə indiki adı ilə yaradılan "Sele" zəngin tarixə və böyük ambisiyaya malik klubdur. Regional yarışlardan Sloveniya çempionu adına qədər uzun bir yol qət edib. 1946‑cı ildə "NK Kladivar" adını alıb. 1992‑ci ildə "Publikum" adlandırılıb, 2007‑ci ildə isə orijinal "NK Sele" adına qayıdıb.
Bir əsrdən çox yaşı olan "Sele" Sloveniya futbolunun elitasında dərhal uğur qazanmasa da, zaman keçdikcə klub daha da populyarlıq qazanıb. 2002/2003 mövsümündə ilk dəfə titul uğrunda ciddi mübarizə aparıblar və çempionatda ikinci yeri tutublar ki, bu da klub üçün sıçrayış olub.
Əsl uğuru 2019/2020 mövsümünə - tarixində ilk dəfə Sloveniya çempionu olduğu zamana təsadüf edib. Beləliklə, çempionatdakı qələbə "Sele"yə UEFA Çempionlar Liqasının seçmə mərhələsində iştirak etməyə imkan verib. Komanda 2023/2024 mövsümündə uğurunu təkrarlayaraq yenidən çempionatın qalibi olub. "Sabah"ın rəqibi liqadakı uğurlarından əlavə, Sloveniya kubokunda da diqqətçəkən nəticə əldə edib. Ölkənin müstəqillik qazandıqdan sonrakı dönəmində dəfələrlə finallarda uduzan "Sele" 2004/2005 mövsümündə ilk böyük qənimətini - Sloveniya Kubokunu qazanaraq reputasiyasını möhkəmləndirib. 20 il sonra komanda son mövsümdə yenidən "ikinci cəbhə"nin qalibi olub.
Avrokuboklarda nəticələri
"Sele"dən ehtiyatlanmağa əsas verən amillərdən biri onun avrokubok təcrübəsinin çox olmasıdır. Sloveniya 1-ci Liqasında müntəzəm - 34 ildir fasiləsiz çıxış edən komanda qitə turnirlərində 13-cü dəfə iştirak edəcək. Çempionlar Liqası, UEFA kuboku, UEFA İntertoto kuboku, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası - Sloveniya təmsilçisi bu turnirlərin hamısında iştirak edib. Klub 2024/2025 mövsümündə ilk dəfə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb və tarixində ilk dəfə 1/4 finala qədər yüksəlib – bu, həmçinin Sloveniya klub futbolu üçün rekorddur. Ötən tsikldə komanda 1/4 finalda iki oyunun nəticəsinə görə "Fiorentina" səddində ilişib (1:2, 2:2).
"Sele" avrokuboklarda ümumilikdə 55 oyun keçirib. Bunlardan 20-də qələbə qazanıb, 12-də heç-heçə edib, 23 görüşdə məğlub olub.
Baş məşqçisi
"Sele"ni ispaniyalı Albert Riera çalışdırır. Onun kim olduğunu yəqin ki, hamı xatırlayır – “Liverpul”un və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisinin geniş təqdimata ehtiyacı yoxdur.
Bəribaşdan qeyd edək ki, o, heç vaxt Rusiyada oynamasa da, bu ölkəyə vurğundur. Bu da təsadüfi deyil. Riera 2009-cu ildə Omskdan olan Yuliya Korolyova ilə ailə həyatı qurub. Hətta Pepe Reyna və Fernando Torres Sibirdə keçirilən toyda olub. O, rus dilini yaxşı bilir, saunanı və balıq tutmağı sevir, Omskda uşaq futbol akademiyası açıb. Bəlkə də bu amil onun Sloveniyada özünü rahat hiss etməsinə imkan verir.
Bu, artıq Rieranın kluba ikinci təyinatıdır. O, 2023-cü ildən sonra bir müddət "Bordo"da çalışıb. Hansı ki, mövsümün sonunda həmin komanda dördüncü diviziona düşüb. Amma bu, məşqçinin günahı deyildi - klub müflisləşdiyinə görə peşəkar statusunu itirdi..
Riera indiyədək Sloveniyada yaxşı nəticələrlə diqqət çəkir. o, burada "Olimpiya" ilə qızıl dubl edib, son mövsümdə isə "Sele"yə ölkə kubokunu qazandırıb. Açıq mənbələrdən və futbolçuların müsahibələrindən belə aydın olur ki, Riera komandada mükəmməllik axtaran, fərqli yanaşmaya sahib bir məşqçidir. O, hər şeyi, hətta ağır məşqləri belə top ətrafında qurub – və bu da oyunçuların istədiyi şeydir. Bununla belə, ispan məşqçi hətta qapıçı vuruşları, aut atışlarına belə müdaxilə etməsi ilə diqqət çəkir. O, rəqibə uyğun taktika quraraq oynayır; bu, hər komandaya görə dəyişir. Komandanın çoxlu taktiki variantları var və bu, rəqibi tez-tez təəccübləndirir. Elə oyunçular var ki, üç-dörd mövqedə oynaya bilirlər.
Açar oyunçusu
"Sabah"ın rəqibində bir neçə futbolçunu fərqləndirmək olar. Bu mənada sloveniyalı yarımmüdafiəçi Svit Seslar və litvalı hücumçu Armandas Kuçısı qeyd etmək lazım gəlir. Xüsusilə "Eyupspor"dan icarəyə götürülən Seslar təhlükəli sayılır. O, ötən mövsüm çempionatda keçirdiyi 26 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Kuçıs isə 18 oyunda rəqib qapıçıları 10 dəfə məyus edobsə, cəmi 1 asistlə yadda qalıb.
İşin "Sabah" üçün müsbət tərəfi odur ki, hər iki futbolçunun "bayquşlar"a qarşı oynaması böyük sual altındadır. Məsələ burasındadır ki, Sesların icarəsinin müddəti başa çatıb və o, Türkiyə klubuna dönüb. Armandas isə mart ayından bu yana topa toxuna bilməyib. O, Litva yığmasının heyətində zədələnib və mövsümün sonluğunu boşa verib.
"Sele" yay transfer pəncərəsi dövründə fəallığı ilə diqqət çəkir. Doğrudur, Seslardan başqa, daha 3 futbolçu komandadan ayrılıb. Neyts Ayxmayer "Mura"ya, Tamar Svetlin "Kielsa"ya keçib, Alyoşa Matko Macarıstanın “Uypeşt” klubuna satılıb, Edmilson Filyo Qazaxıstan "Kayrat"ına transfer olunub.
Əvəzində heyətə Darko Hrka cəlb olunub, Andrey Kotniklə 1 illik müqavilə imzalanıb, yerli qapıçı Jan-Lyuk Leban və Simon Sluqa ilə anlaşılıb, Zaqreb "Dinamo"sunun 23 yaşlı futbolçusu İvitsa Vidoviç və hücumçu Daniel Şturm alınıb.
Bundan başqa, müdafiəçi Samo Matyajla yarımmüdafiəçi Alyaj Krefl icarədən dönbüblər.
"Sele"nin keçirdiyi son 4 oyun:
"Çukariçki" (Serbiya) - "Sele" 2:1 (2 iyul - Yoxlama oyunu)
"Sele" - "Domjale" 1:1 (25 may - Birinci Liqa)
"Nafta" - "Sele" 1:6 (18 may - Birinci Liqa)
"Koper" - "Sele" 0:4 (14 may - Sloveniya Kuboku)
İyulun 10-da Bakı vaxtı ilə saat 20:00-da "Sabah" "Bank Respublika Arena"da "Sele"ni qəbul edəcək. Cavab oyunu isə ayın 17-də Sloveniyada baş tutacaq.
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub