"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis ilk rəsmi matçı ilə bağlı belə danışıb:
"Avrokubok matçları həmişə önəmli və həyəcanlı olur. Matçı səbirsizliklə gözləyirik. Rəqibin böyük təcrübəsi var. Ötən mövsüm avrokuboklarda sürprizlər edib. Rəqibi təhlil edirik. Ötən mövsümdəki əsas oyunçularından bəziləri ilə yolları ayırıblar. Həm də cəmi bir yoxlama oyunu keçiriblər. Bunlar müsbət məqamlardır. Amma mövsümün əvvəlində komandaların durumu tam aydın olmur. Öz kollektivimi gördüm, necə istəkli olduqlarını hiss etdim. İnanıram ki, belə istəklə çalışmağa davam etsək, yaxşı nəticələr əldə edə bilərik.
Azarkeşlərimizi stadiona dəvət edirəm. Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik. Birinci mərhələ üçün yaxşı nəticə əldə etməyə çalışacağıq. Həyəcanlı deyiləm, narahatlığım da yoxdur. İki həftə ərzində yaxşı məşqlərimiz olub. Komandama inanıram. Hər şeyin fərqindəyik. İki həftə təlim-məşq toplanışı üçün qısa vaxt olsa da, çox pozitiv məqamlar gördük".
Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.