ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün növbəti finalçı müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal ikinci oyununda Fransanın PSJ və İspaniyanın “Real Madrid” komandaları qarşılaşacaq.
Polşalı FİFA referisi Şimon Marçinyakın idarə edəcəyi qarşılaşmanın start fiti saat 23:00-da səsləndiriləcək..
Xabi Alonsonun baş məşqçisi olduğu komanda 1/8 finalda "Yuventus"u (1:0), 1/4-də isə "Borussiya Dortmund"u (3:2) yenərək yarımfinala yüksəlib.
Çempionlar Liqasının son qalibi olan Luis Enrikeli PSJ isə 1/8-də "İnter Mayami"ni 4:0, ötən oyunda isə "Bayern Münhen"i 2:0 məğlub edərək mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Fransa və İspaniya nəhənglərinin güclüsü finalda İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq.