"Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan UEFA Avropa Liqasının startında Finlandiya təmsilçisi "İlves"i asanlıqla məğlub etdikləri (6:0) oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, türkiyəli çalışdırıcı oyundan sonra klubun mətbuat xidmətinə ("Shakthar TV") belə danışıb:
"6:0-ı asan qazanmadıq. Komandamı ürəkdən təbrik edirəm. Mövsümə əla açılışdır. Belə istidə bu qədər gərgin məşq etmək asan deyildi. Odur ki, oyunçuların belə qələbə qazanması təsadüf sayılmamalıdır.
Hesabdan çox razıyam, amma oyunun bəzi aspektləri hələ də təkmilləşdirilməlidir. Bununla belə, nəticədən ilham alıram. Əlbəttə, braziliyalıların böyük potensialı var, amma təkcə onlar deyil, ukraynalılar da - Sudakov, Oçeretko - bu gün əla idilər, əla oynadılar. Bütün komandadan çox razıyam.
Hələ mövsümə hazırlaşırıq. İkinci oyunda daha da yaxşı formada olacağıq. Əgər "Şaxtyor"un formasını geyinirsənsə, hər matçda yüksək səviyyədə olmalısan. Lakin belə şəraitdə keçiriləcək cavab oyunu digər matçlara hazırlıq baxımından yaxşı məşq olacaq”.
Qeyd edək ki, iki matçın nəticəsinə görə cütün qalibi olacaq komanda ikinci təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq.
Mirağa