UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniya "Sele"sinə öz meydanında 2:3 hesabı ilə uduzan "Sabah" cütün taleyini səfərdə həll etmək məcburiyyətindədir. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb bakılıların dünənki oyunu və mərhələ adlamaq şansları barədə fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Dünənki görüş bir çox suallara aydınlıq gətirdi. Yenilənmiş "Sabah"ın oyununda müəyyən cizgilər görə bildik. Yaxşıya doğru elementlər müşahidə etdik. Komandanın müdafiə xəttində böyük dəyişiklər olub. İki stopper və sağ müdafiəçi yenidir. Bundan başqa, Rəhman Daşdəmirovun solda oynamağını da yenilik kimi qiymətləndirmək olar.
Hələ oyundan əvvəl demişdim ki, hər iki komanda açıq futbola üstünlük verir. Hesab da bunu göstərdi, bol qollu oyun oldu. "Sabah" ilk yarıda rəqibini meydanın ona aid hissəsində sıxmaqla onları təzyiq altında saxlamaqla, pressinq göstərməklə effekt əldə edə bildi. Nəticədə fasiləyə 2:1 öndə yollandılar. İkinci hissədə isə taktiki dəyişiklik etdilər. Bəlkə də yanılıram, mənə elə gəlir ki, hesabı qorumaq niyyəti ilə geri çəkilib əks-hücumlara üstünlük verdilər. Bu taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı. Topsuz olanda daha çox güc itirirsən. Sonluqda yorğunluq da özünü göstərdi. Belədə rəqib fasilədən sonra iki qol vuraraq üstünlüyə yiyələndi.
Hesab elədir ki, mərhələ adlamaq çətin olacaq. Rəqib güclüdür, "Sabah" səfərdə oynayacaq və hesabdakı geriliyi aradan qaldırmalıdır. Təbii ki, futbolda mümkünsüz heç nə yoxdur, amma çətin olacaq. Baş məşqçinin heyətdə rotasiyalar edəcəyini gözləmək olar. Ümid edək ki, artıq rəqibi iş başında görən, bələd olan "Sabah" səfərdən sərfəli nəticə ilə dönəcək".
Mirağa