15:47 07.11.2025 3695

"Turan Tovuz" zarafat edənə oxşamır - Liderin real portreti

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu həftənin əsas hadisəsi "Qarabağ"ın Çempionlar Liqasında İngiltərə nəhəngi "Çelsi"ni Bakıda büdrətməsi oldu. Qitənin ən nüfuzlu klub turnirində bu mövsümkü nəticələri ilə adından söz etdirən çempionun London klubu ilə başabaş oynayıb bərabərə (2:2) qalmasından sonra sözsüz ki, Azərbaycana, Azərbaycan Premyer Liqasına diqqət artıb. Təsəvvür edək: maraqlananlar açıb turnir cədvəlinə baxanda görürlər ki, lider "Qarabağ" deyil, başqası - "Turan Tovuz"dur. "Azərbaycanın hazırda ikincisi olan komanda "Çelsi"yə, "Benfika"ya, "Kopenhagen"ə qan uddurursa, gör, bunların birincisi necə güclüdür" sualının məntiqi bizi bu yazını yazmağa vadar etdi. Gerçəkdən, "Turan Tovuz" liderliyi necə bacardı?

İnam uğurun yarısıdır

"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev hələ mövsümün əvvəlində hədəflərini açıqlayaraq çempionluğa oynayacaqlarını deyəndə, bəziləri bunu ilk olaraq təbəssümlə qarşılamışdılar. Əlbəttə, "Qarabağ" kimi son illərin dəyişməz çempionu qala-qala, bu hədəfə çatmaq inandırıcı görünməmişdi. Ancaq turlar ötdükcə klub rəhbərinin boşuna iddia səsləndirmədiyi aydın olur. Nəticə göz qabağındadır: "Turan Tovuz" dörd pərdəli tamaşanın ilk bölümünü baş rolda tamamlamaq üzrədir. 10 tur ərzində 3 həftəni zirvədə tamamlamaq çox şeydən xəbər verir. Belə desək, "Turan Tovuz" zarafat edənə oxşamır.

Qürbətdə xan olunca...

Nəzərə almaq lazımdır ki, qərb təmsilçisi ilk dövrənin böyük hissəsini çətin şərtlər altında keçirib. Söhbət komandanın təmsil etdiyi Tovuzdan uzaq düşməsindən gedir. Stadionun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar Kurban Berdiyevin komandası ev oyunlarını paytaxtda, konkret, "Qarabağ"a məxsus "Azərsun Arena"da keçirməli oldu. Bəlli həqiqətdir ki, Tovuzun ab-havası başqadır və istənilən komanda burada oynayanda böyük təzyiqlə üzləşir. Düzdür, tovuzlu azarkeşlər sevimli komandalarını paytaxtda da dəstəksiz qoymurdu. Ancaq təkcə bir faktı vurğulamaq yetir: Öttüyün yenilənməsindən sonra təmsil etdiyi məkana dönən "Turan Tovuz"un "Şamaxı" ilə son tura təsadüf edən görüşünü 5800 tərəfdar izlədi ki, bu da mövsümün rekord tamaşaçı məhsuldarlığıdır. Sözə qüvvət: 10 turda 7 qələbə qazanıb 3 məğlubyətlə üzləşən "qurdlar"ın uduzduğu görüşlərin 2-si məhz "Azərsun Arena"da reallaşıb.  

Hamıdan çox qələbə qazanan, sülh tanımayan "boz qurdlar"

Qeyd etdiyimiz kimi, "Turan Tovuz" 10 turdan yeddisində meydanı 3 xalla tərk edib, qalan üçündə isə ümumiyyətlə əliboş qalıb. Başqa sözlə, Berdiyevin komandası sülhsevər deyil. Halbuki, ötən mövsüm bu göstərici kifayət qədər yüksək idi. 36 turda 14 qələbə qazanan tovuzlular 13 heç-heçə ilə kifayətlənmiş, 9 görüşdə məğlub olmuşdular. Komanda heç-heçələrin sayına görə yalnız "Sabah"dan (18) geri qalmışdı. Göründüyü kimi, "boz qurdlar" ötən mövsüm xal bölgüsünə üstünlük verdikləri duelləri bu mövsüm qələbəyə dəyişməklə diqqət çəkir. 

İlk 10 turun nəticələri:

2025-08-16    İmişli - Turan Tovuz    0:1 
2025-08-24    Turan Tovuz - Araz‑Naxçıvan 1:2
2025-08-29    Neftçi - Turan Tovuz 0:1
2025-09-13    Turan Tovuz - Qəbələ 1:0
2025-09-20    Sabah - Turan Tovuz 2:0 
2025-09-28    Turan Tovuz - Kəpəz 3:0
2025-10-04    Sumqayıt - Turan Tovuz 0:3 
2025-10-17    Turan Tovuz - Qarabağ 1:2
2025-10-24    Karvan Yevlax - Turan Tovuz 1:2
2025-11-02    Turan Tovuz - Şamaxı 2:1 


Praqmatiklik tərzdədir, nəticədə deyil

"Turan Tovuz"un sərgilədiyi oyun darıxdırıcı görünə bilər. Hər halda, Kurban Berdiyevin komandası bəzi oyunlarda ultramüdafiə futbolu nümayiş etdirir. Amma "qaliblər mühakimə olunmur". O başqa məsələ ki, komandadakı praqmatiklik tərzdədir, nəticədə deyil. Əksinə, "ya uduram, ya uduzuram" yanaşması fərqli mətləbdən xəbər verir. Praqmatiklərin "bir qol olsun, mənim olsun" devizi də "Turan Tovuz"a yaddır. Qərb təmsilçisi vurulan qolların sayında yalnız "Zirə" (18 qol), "Araz-Naxçıvan" və "Sumqayıt"dan (hər ikisi 16) geri qalır. Əvəzində 8 qol buraxıblar. Bu da qapanan komandalar üçün spesifik deyil. Müşahidələrimizi ümumiləşdirsək, qol vurana və ya buraxana qədər həddindən artıq ehtiyatlı oynayan Berdiyevin yetirmələri gedişatdan asılı olaraq taktikanı dəyişir, aqressivləşir. Bu mənada son iki turda "Karvan-Yevlax" və "Şamaxı" ilə matçlar dediklərimizin sübutudur. "Turan Tovuz" rəqib qapısına yol tapmaq üçün çox vaxt standart vəziyyətlərə bel bağlayır.   

Dörd bombardiri olan komandanın "açar oyunçuları"

Müdafiə Kurban Berdiyev üçün vacib elementdir. Təcrübəli mütəxəssis həddindən artıq nəticəyönümlü olsa da, müdafiə qələbəyə gedən bir vasitədir. Taktiki üsluba gəlincə, "Turan Tovuz" əsasən beşli müdafiə ilə oynayır. Komanda cinahlardan hücum etməyə və əks-hücumlara üstünlük verir. 
"Açar oyunçular"a gəlincə, cinah müdafiəçisi Xorxe Silva komandanın önəmli fiqurlarındandır. Portuqaliyalı "7 nömrə" cinah həmlələrində fəal iştirak etməklə yanaşı, standart vəziyyətlərdə də təhlükəlidir. Onun aut atışları sanki cərimə zərbəsidir.


Ortada isə Roberto Olabe liderdir. İspaniyalı mərkəzdə həmyerlisi Alexandro Serrano ilə əla tandem təşkil edir. Mövqeyində "arı kimi işləyən" Olabe cinahları da bağlamaqla yanaşı, məhsuldarlığı ilə diqqət çəkir. Hesabında 3 qol olan 29 yaşlı yarımmüdafiəçi Serrano, Jo və Souza ilə birgə komandanın bombardirləridir. Olabenin qol vurduğu görüşlərdə "Turan Tovuz" birmənalı olaraq minimal hesablı qələbə qazanaraq 3 xal götürüb.
Oleq Baklov isə "çərçivə" ilə bağlı əminlik yaratmaq funksiyasını uğurla icra edir. Düzdür, 10 oyunun hamısında qapıda dayanan tacikistanlı qolkiper 8 qol buraxıb. Ancaq o, bu görüşlərin 5-də qapısını toxunulmaz saxlayıb.   

Yazda Bakıda baza, payızda Tovuzda yeni qazon

Aramla hədəfə doğru irəliləyən "Turan Tovuz" nəticələrdə sabitlik əldə etməklə yanaşı, infrastruktura yatırımlar da edir. Hələ yazın orta ayında Kürdəxanı qəsəbəsində təlim-məşq bazasını istismara verən klub yayda stadionunun ot örtüyünü yeniləməyi qərara aldı. Həm də axına qarşı gedərək, süni örtüyü təbii ilə əvəzlədi. Bu səbəbdən mövsümün əvvəlinə təsadüf edən ev oyunlarını Bakıda keçirən "Turan Tovuz" artıq təmsil etdiyi məkana dönüb. "Qurdlar" bir neçə aylıq həsrətə "Şamaxı" ilə oyunda son qoydu və azarkeşlərini əzmkar qələbə (2:1) ilə salamladı...


Stadiondan söz düşmüşkən, qazonun ilk qarşılaşmada arzulanan səviyyədə olmaması da vurğulanmalıdır. Futbolçuların butslarının altında qopan qazon parçaları nəinki bu klubun rəsmilərini və fanatlarını Azərbaycan futbolunu sevən, inkişafını arzulayan hər kəsi təəssüfləndirdi. Görünür, rəhbərlik örtük bərkiməmiş dönməyə qərar verməklə tələsib. Əlbəttə, bu da "Turan Tovuz" üçün yeni bir təcrübədir. Yadınızdadırsa, "Sumqayıt" da eyni aqibətlə üzləşmişdi. Xoşbəxtlikdən bərpa uzun sürməyəcək. Qərb təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Tovuzda matça çıxmalıdır ki, həmin görüş də 28-30 noyabr aralığında "Neftçi"yə qarşı olacaq. "Turan Tovuz" buna qədər 2 oyun keçirəcək ki, hər iki qarşılaşma səfərdə baş tutacaq. Berdiyevin komandası 11-ci tur çərçivəsində sabah "Zirə"nin qonağı olacaq. Fasilədən sonra start götürəcək ikinci dövrənin ilk turunda isə rəqib "Araz-Naxçıvan" olacaq ki, tərəflər noyabrın 22-də Sumqayıtda görüşəcəklər. Beləliklə, aradakı təxminən bir aylıq (26-28 gün) fasilə qazonun ideal vəziyyətə gəlməsinə imkan verəcək. 
Bundan başqa, klub bu il martın sonunda yeni Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binası istifadəyə verildi. Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası isə bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına verilib...
..."Turan Tovuz" liderliyini davam etdirsə də, hələ də çempion olacağına inam minimumdur. Görünür, hələ daha bir neçə tur zirvədən enməməlidir ki, o inam formalaşsın. Amma istənilən halda, komanda avrokuboklara hazır görünür. Bacaracaqlarmı? Yaşayarıq, görərik...

Mirağa

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X