
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum Misli Premyer Liqasının XV turunda yaşananlarla bağlı ölçü götürüb.
"Qarabağ" azarkeşlərinə görə cərimələnib. Ağdam klubu "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. "Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Kəpəz" – "Qəbələ" oyununda Gəncə təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. Sanqare 2 oyunluq diskvalifikasiya olunub.
"Turan Tovuz" – "Sabah" oyununda 7 üzvü sarı vərəqə alan Bakı klubu 700 manat cərimələnib. "Karvan-Yevlax" "İmişli" ilə, "Sumqayıt" isə "Neftçi" ilə oyunda sarı vərəqə sayının çox olması səbəbindən analoji cəzaya məruz qalıb.