
"Everton"un vingeri Cek Qriliş mövsümün onun üçün bitdiyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, 18 yanvarda "Aston Villa" ilə oyun zamanı ayağı sınan 30 yaşlı ingilis futbolçunun əməliyyatı yeganə mümkün çıxış yolu olub.
Cərrah bıçağı altına girməklə, Qriliş artıq yaxınlaşan dünya çempionatında İngiltərə millisində oynamaq ümidlərinə də vida edib.
Qriliş bu barədə özünün "Instagram" hesabında paylaşım edib:
"Mövsümü belə başa vurmaq istəmirdim. Çox sarsılmışam. Amma bu, futboldur. Əməliyyat bitdi və indi bütün diqqətim yenidən meydana qayıtmağa yönəlib. Əminəm ki, əvvəlkindən daha sağlam, güclü və daha yaxşı şəkildə qayıdacağam".
Xatırladaq ki, "Everton" Qrilişi bu mövsüm "Mançester Siti"dən transfer edib. O, Liverpul təmsilçisinin heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.