
"Xankəndi" II Liqanın XVI turunda çətin qələbə qazandı. Qarabağ təmsilçisi "Araz Saatlı"nı son dəqiqələrdə vurulan qollarla 2:1 hesabı ilə yenə bildi. Aşkar autsayderin müqavimətini ilk olaraq "Xankəndi"nin yeni transferi Mirmövsüm Caniyev qırdı. Yeni komandasının qələbəsində əsas pay sahiblərindən olan forvardın oyunla bağlı təəssüratlarını öyrəndik.
22 yaşlı hücumçunun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu, mənim "Xankəndi"də ilk oyunum idi. Həm qol vurduğuma, həm də komandamın qələbəsinə görə sevincliyəm. Həyəcanlı deyildim, özümə inanırdım. Bilirdim ki, qol vuracağam. Ötən tur lider "Qaradağ Lökbatan"ı da 2:1 yenmişdik, bu dəfə autsayder "Araz Saatlı"ya eyni hesabla qalib gələ bildik. Çempionatda belə oyunlar olur. Bəlkə də arxayınlıq var idi, meydana rahat çıxmışdıq. İkinci hissədə isə toparlandıq. Rəqibin də haqqını vermək lazımdır. Bu görüş məsuliyyətimizi daha da artıracaq. Əhvalımız qaydasındadır, növbəti oyunlara köklənməliyik".
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Mirmövsüm Caniyev "Xankəndi"yə qış fasiləsində keçib. Onun son klubu I Liqa təmsilçisi "Baku Sportinq" olub.
Mirağa