
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" transfer bazarını alt-üst edəcək tarixi bir addım atmağa hazırlaşır.
Fanat.Az insayder Devid Ornşteynə istinadən xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"in ulduz yarımmüdafiəçisi Elliot Anderson üçün rəsmi təklifini görünməmiş bir məbləğə – 106 milyon funt-sterlinqə çatdırıb.
Şərtlərdə yer alan xüsusi bonuslarla birlikdə bu transfer paketinin ümumi dəyərinin 120 milyon funt-sterlinqi keçəcəyi gözlənilir.
Lakin "Nottingem Forest" rəhbərliyi güzəştə getmək niyyətində deyil və futbolçunun satışı üçün daha əvvəl Aleksander İsakın "Liverpul"a keçidi ilə qeydə alınan 125 milyon funt-sterlinqlik Britaniya transfer rekordunu yeniləyəcək zəmanətli məbləğ tələb edir.