
"Turan Tovuz"la yollarını ayıran Filip Ozobiçin gələcək karyerası ətrafında söz-söhbətlər səngimək bilmir.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin azad agent statusu alması futbol ictimaiyyətində müxtəlif iddiaların ortaya atılmasına səbəb olub.
Məsələ ilə bağlı ən böyük ajiotaj isə sosial şəbəkələrdə yaşanır. Xüsusilə "Qəbələ" azarkeşləri böyük fəallıq nümayiş etdirərək, keçmiş ulduzlarını yenidən qırmızı-qara formada görmək istədiklərini bildirirlər. Fanatlar paylaşımların rəy bölmələrində Ozobiçin qayıdışının komandaya köhnə ruhu qaytaracağını iddia edərək rəhbərliyə "mesaj" göndərirlər.
Amma azarkeşlərin bu istəklərinə və yayılan şayiələrə baxmayaraq, 35 yaşlı futbolçunun yeni mövsümə hansı klubda başlayacağı hələlik dəqiq bilinmir. Hazırda masada hansı rəsmi təkliflərin olduğu və Ozobiçin karyerası ilə bağlı hansı qərarı verəcəyi qeyri-müəyyənliyini qoruyur.