
Xəbər veridiyimiz kimi, DÇ-2026-nın 3-cü turunun 12 oyununu yayımlayacaq "CBC Sport" matçların şərhinə kanalın xanım əməkdaşlarını da cəlb edib. Belə ki, Səmra Əliyeva və Aida Əliyeva da DÇ oyunlarını şərh edəcəklər. Artıq onların hansı oyunlarda iş başında olduğu da bəllidir.
Bu barədə Fanat.Az-a kanalın şərhçilər və verilişlər xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib:
"Bildiyiniz kimi, dünya çempionatının 12 oyunu bizim kanalda yayımlanacaq. İlk öncə İTV kanalının rəhbərliyinə təşəkkürümüzü çatdırırq ki, paralel oyunların "CBC Sport"da yayımlanmasına etiraz etmədilər və buna şərait yaratdılar. Təşəbbüsü kanalımızın rəhbəri Volkan bəy (Volkan Üst-red.) dəstəklədi. Mundial oyunlarını şərh etmək istəyində olan, bunu haqq edən cavan şərhçilərimiz, o cümlədən xanımlar da var. Belə qərara aldıq ki, Səmra Əliyeva ilə Aida Əliyevanı oyunlara cəlb edək. Təbii ki, onlar tək olmayacaqlar. Səmra digər həmkarımız Süleyman Vəliyevlə birgə Kurasao - Fil Dişi Sahili oyununu şərh edəcək. Aida isə Ramiz Mirzəzadə ilə birlikdə Panama - İngiltərə oyununda şərhçi olacaq".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Mirağa