
Azərbaycan II Liqasında çıxış edən "Şirvan" sözügedən bölgəni təmsil edən digər komanda ilə - "Şirvan OİK" ilə birləşib.
Fanat.Az xəbər verir ki, məlumatı liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir:
"Şirvan futbolunun inkişafı naminə atılan mühüm addım barədə ictimaiyyətin və hər iki klubun azarkeşlərinin diqqətinə çatdırırıq ki, "Şirvan" FK və "Şirvan" OİK rəhbərliklərinin qarşılıqlı razılığı əsasında bu gündən etibarən vahid klub şəklində fəaliyyətlərini davam etdirmək qərarı qəbul etmişdir.
Bu qərar hər iki klubun tarixini, ənənələrini və qazandığı dəyərləri qorumaqla yanaşı, Şirvan şəhərində futbolun daha güclü təmsil olunması, mövcud potensialın bir mərkəzdə birləşdirilməsi, infrastrukturun inkişafı, gənc futbolçuların yetişdirilməsi və qarşıya qoyulan idman hədəflərinə daha effektiv şəkildə çatmaq məqsədi daşıyır.
Yeni mərhələdə fəaliyyət göstərəcək vahid klub hər iki kollektivin zəngin irsini özündə birləşdirəcək, şəhərimizi ölkə futbolunda daha layiqli şəkildə təmsil etmək üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Bu birləşmə heç bir klubun tarixinin sona çatması deyil. Əksinə, bu, iki dəyərli yolun ortaq məqsəd naminə birləşərək daha güclü gələcək qurması deməkdir. İnanırıq ki, bu addım Şirvan futbolunun inkişafında yeni bir dövrün başlanğıcı olacaq.
Bu günə qədər hər iki kluba dəstək göstərən azarkeşlərimizə, veteran futbolçularımıza, məşqçilərimizə, tərəfdaşlarımıza və şəhər ictimaiyyətinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, bundan sonra da eyni birlik və inamla vahid klubumuzun yanında olacaq, uğurlarımızı birlikdə qeyd edəcəyik.
Yeni hədəflər, yeni uğurlar və daha güclü Şirvan futbolu naminə bu yola birlikdə çıxırıq".
Xatırladaq ki, "Şirvan" II Liqada son, həm də debüt mövsümünü 4-cü yerdə başa vurub.