
Cümə axşamı "Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb. İslandiya "Vestri"sini Bakıda qəbul edən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3:0 hesablı qələbə qazanıb.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyundan əvvəl də bilirdik ki, "Qarabağ" rəqibdən istər səviyyə, istər üslub, istərsə də futbolçularının keyfiyyəti baxımından üstündür. Sadəcə, narahatedici məqamlar var idi ki, heyətdəki yeni oyunçular komandaya necə uyğunlaşa biliblər, ilk rəsmi matçda çatışmazlıqlar özünü nə dərəcədə qabarıq göstərəcək? İlk 10-15 dəqiqə ərzində uyğunlaşma ilə bağlı sıxıntı hardasa hiss olundu, ötürmələrdə və hücumların təşkilində səliqəsizlik göründü. Amma tədricən təşəbbüsü ələ aldılar, Qurban Qurbanovun fəlsəfəsinə uyğun futbol nümayiş etdirməyə başladılar. İlk qoldan sonra isə təşəbbüs tamamilə tərəfimizə keçdi, idarəetmə sona qədər təmsilçimizin əlində oldu. Hesab da arzulanan kimidir.
7-8 transfer edən "Qarabağ"ın yenilərindən xüsusilə sol cinah müdafiəçisini və "11 nömrə"sini fərqləndirərdim. Bruno Lanqa cinahdan hücumlara fəal qoşulurdu. Zakaria Savo isə tapıntıdır. Çoxdandır "Qarabağ"da başla belə oynayan hücumçu olmurdu. Həm mövqe seçimi, həm də sürəti Savonun dəyərini ikiqat artırır. O, komandaya çox fayda verəcək və Juninyo ilə Kamilo Duranın yoxluğunu unutdura biləcək.
"Qarabağ" səfərdə də favorit olacaq. Baxmayaraq ki, uzun yol və yorğunluq çətinlik yarada bilər. Amma "Qarabağ"ın İslandiyada da qələbə qazanacağını düşünürəm. Hardasa, 70 faiz formada olan "köhlən atlar" tədricən artıracaqlar ki, İslandiyadakı oyunda da daha komplektləşmiş komanda görəcəyimizi ehtimal edirəm".
Mirağa