
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS ilə qarşılaşan "Sabah" komandası cavab oyunu üçün artıq Uelsdədir.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib.
Klub rəsmisi bildirib ki, komanda oyunun keçiriləcəyi Ovestriyə dünən gedib:
"Bu gün yerli vaxtla saat 18:30-da matçöncəsi mətbuat konfransı, saat 19:00-da isə açıq məşq olacaq".
O, həmçinin təmsilçimizin səfər matçında dəstəksiz qalmayacağını da vurğulayıb:
"Oyunda komandamızı Britaniyada yaşayan həmvətənlilərimizin dəstəkləməsi gözlənilir. Dəqiq say sabah bəlli olacaq".
Qeyd edək ki, bakılılar ilk matçda 2:0 hesablı qələbə qazanıb. Qolları Velko Simiç və Kahim Parris vurub.
Tərəflər arasında cavab görüşü 14 iyulda Bakı vaxtı ilə saat 21.45-də Ovestridə baş tutacaq.
Əlisahib İbrahimli