
Dünya çempionatının 1/2 finalının ikinci matçında İngiltərə və Argentina milli komandaları üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, beləliklə, bu gün İspaniyanın rəqibi müəyyənləşəcək.
İngiltərə və Argentina bu günə kimi 14 dəfə qarşılaşıblar. Bu görüşlərin 6-da ingilislər qələbə qazanıb. Yalnız 3 matçda Argentina yığması üstün olmağı bacarıb. Komandalar 5 görüşdə heç-heçəyə razılaşıblar. Oyunlardan sadəcə, 5-i beynəlxalq turnirlərə təsadüf edib.
Tərəfər arasındakı ilk duel 1962-ci ildə baş tutub. Həmin görüşdə "üç aslanlar" 3:1 hesabı ilə qalib gəliblər.
Növbəti qarşılaşma isə 1966-cı ilə təsadüf edib. Dörddəbir finalda üz-üzə gələn yığmaların budəfəki mübarizəsindən yenə İngiltərə üzü ağ çıxmağa nail olub. Sözügedən matçda 1:0 qələbə qazanan britaniyalılar sonda final matçında almanları məğlub edərək, dünya çempionatının qalibi titulunu əldə ediblər.
1986-cı ildə keçirilən mundialın 1/4 matçında seçmələr bir daha üzləşiblər. Lakin "ağ və səma mavisi" görüşdə qələbəni əldən verməyib. Argentinalılar 2:1 hesabı ilə üstün olublar. Həmin dueldə Dieqo Maradonanın vurduğu qol "tanrının əli" ifadəsi ilə yadda qalıb.
Xatırladaq ki, bu turnirin son matçında Almaniya ilə qarşılaşan Argentina 3:2 qalib gəlib və tarixində 2-ci dəfə kuboka sahib olub.
Fransada keçirilən 1998-ci il dünya çempionatında millilər yenidən üz-üzə gəliblər. Əsas və uzatma dəqiqələri də daxil olmaqla 2:2 başa çatan görüşün penaltilər seriyasında Cənubi Amerika təmsilçisi qalib (6:5) gəlib.
DÇ-2002-də eyni qrupda yer alan yığmalar bir daha öz aralarında ən güclünü müəyyənləşdiriblər. Mübariəzədən ingilislər 1:0 qalib ayrılıblar.
Xatırladaq ki, İngiltərə - Argentina matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dueli amerikalı referi İsmail Elfat idarə edəcək.
Əlisahib İbrahimli