
UEFA Çempionlar Liqasının 1-ci mərhələsində Uelsin TNS komandası ilə üz-üzə gələn "Sabah" ilk oyunda olduğu kimi, səfərdə də qələbə qazandı. "Bayquşlar" Bakıdakı görüşdə 2:0 qalib gəlmişdisə, səfərdə 2:1-lik üstünlük əldə etdi.
Azərbaycan millisinin sabiq yarımüdafiəçisi Aslan Kərimov həm cavab oyununu şərh edib, həm də növbəti mərhələdəki rəqibi dəyərləndirib.
Tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə olub:
"İlk olaraq cavab oyunuyla bağlı onu deyim ki, yenə də ilk dəqiqələrdən "Sabah" üstünlüyü ələ aldı və ilk yarıda qollar vuraraq inamlı qələbə qazandı. Düzdür, oyunun sonlarına yaxın bir qədər konsentrasiya pozuntusu oldu. Rəqib daha çox üstünlüyü əldə elədi, amma bu hesabla bağlı olan bir şey idi. Hesab eləyirəm ki, Uels təmsilçisi "Sabah"ın gücünü ölçəcək səviyyədə komanda deyildi. Düzdür, "Sabah" birinci oyunu evdə keçirdiyi üçün bir az təzyiq altında idi. Amma dəqiqələr irəlilədikcə öz oyununu tapdı və rahatlıqla da qələbə qazanmağı bacardı. İkinci oyunda da inamlı idilər.
"Sözsüz ki, "KuPS" Uels təmsilçisindən daha ciddi rəqibdir. Amma Finlandiya komandası da "Sabah" üçün keçiləcək bir rəqibdir. Onların "Vardar"la oynadıqları oyuna diqqət edəsi olsaq, 2:0 udduqları oyunda rəqib hesabı bərabərləşdirdi, hətta uzatma dəqiqələrinə qədər gedən bir oyun oldu. Düzdür, sonda yenə də qələbə qazanmağı bacardılar, amma hesab eləyirəm ki, bu onların problemini göstərən bir faktdır. Yəni ciddi üstünlüyünü əldən verib. Digər tərəfdən, rəqib meydanında çox yaxşı oynayırlar. Əks-hücumlarda oynamağı bacaran bir komandadır. "Sabah" bu baxımdan Bakıda diqqətli olmaq məcburiyyətindədir. Məncə, bütün komponentlərə görə biz Finlandiya təmsilçisini keçə bilərik. "Sabah"ın hücum xətti çox güclüdür. Sadəcə, Bakıda yaratdığımız qol imkanlarını əldən verməməliyik. Yəni sonraya saxlamalı deyilik. TNS ilə birinci oyunda olduğu kimi. Hansı ki, ilk hissədə dörd-beş qol imkanı əldən verildi, yalnız ikinci hissədə imkanlar reallaşdırıldı. Bu mərhələdə bu qədər kredit xərcləmək düzgün olmaz. Hesab edirəm ki, Finlandiya təmsilçisi ilə Bakıdakı oyunda bizim kifayət qədər yaxşı imkanlarımız olacaq. Amma rəqibin əks-həmlələrinə hazır olmalıyıq. Çünki rəqib bunu "Vardar"la oyunda açıq şəkildə göstərdi ki, əks-hücumlarda çox təhlükəlidirlər. Birinci oyunda diqqət edəcəyimiz məqam yalnız bu olmalıdır. Amma ümumilikdə götürəsi olsaq, "Sabah" cütün favoritidir. Ciddi problem baş verməsə, biz ilk oyunu qələbə ilə bitirə bilərik. İki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf "Sabah" ola bilər. Buna tam olaraq potensialı var".
Xatırladaq ki, "Sabah" "KuPS"la ilk görüşünü iyulun 21-də evdə, cavab matçını isə ayın 28-də səfərdə keçirəcək.
Əlisahib İbrahimli