
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yay hazırlıq dönəminin qızğın çağıdır. Klublar yeni mövsüm ərəfəsində heyətlərini gücləndirməkdədirlər. Düzdür, bəzilərində bu proses bir qədər ləng, digərlərində çeviş şəkildə gedir. İlk təəssürat növbəti 2026/27 mövsümünün gərgin mübarizə şəraitində keçəcəyini proqnozlaşdırmağa əsas verir. Çünki əskəriyyət transfer çalışmalarında yetərincə fəallıq nümayiş etdirir. Unutmayaq ki, hələ elita təmsilçilərinin ixtiyarında iki aya yaxın vaxt var. Çünki sentyabrın 10-na – “transfer pəncərəsi” bağlananadək futbolçu almaq olar.
Xatırladaq ki, yay "transfer pəncərə"si iyunun 19-da açılıb. Klublar transferlərini 10 sentyabr (10 sentyabr saat 23:59-dək) tarixində başa çatdıracaqlar. Bundan sonra yalnız azad agentlərin keçidi mümkün olacaq.
Fanat.Az elita təmsilçilərinin transfer bazarındakı fəaliyyətini təqdim edir:
"Sabah"
Gələnlər: Eyden Makkarti ("Kayzer Çifs", CAR), Yunis Laçab ("Lill", icarə), Junior Erivaldo Almeyda ("Maritimu", Portuqaliya), Rodriqo Fernandeş ("Şamaxı"), Ksander Severina ("Makkabi" Hayfa), Amin Ramazanov ("Qarabağ").
Gedənlər: Nicat Mehbalıyev ("Şəfa"), Pavol Şafranko, Cessi Sekidika, Amin Seydiyev ("Zirə"), Andrey Santos ("İberiya", icarə), İqor Noqeyra.
Avrokuboklardakı təmsilçilərimiz heyətlə bağlı çalışmalarına daha erkən start vermək məcburiyyətində idi ki, bu da başadüşüləndir. Ancaq tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edən "Sabah"ın qayğısı böyük deyil. Çünki "bayquşlar" heyətindəki əsas oyunçularını qoruyub saxlaya bilib. Stas Pokatilov, Timoteuş Puxaç, Coy-Lens Mikels, Velko Simiç, Tellur Mütəllimov və Patrik Orfe Mbina ilə müqavilə müddətinin artırılması baş məşqçi Valdas Dambrausu əlavə qayğıdan azad edib. Bununla belə, komandanı 6 futbolçu tərk edib.

Yerlilərdən qapıçı Nicat Mehbalıyev "Şəfa"ya, Amin Seydiyev isə "Zirə"yə üz tutub. Legionerlərə gəlincə, paytaxt klubu Andrey Santosu "İberiya"ya icarəyə göndərib, Pavol Şafranko, Cessi Sekidika və İqor Noqeyra iləsə birdəfəlik yollar ayrılıb.
Altı futbolçu ilə vidalaşıb bir o qədər yenisini heyətinə cəlb edən "Sabah" ən azından, kəmiyyət balansını qoruyub. Ehtiyat qapıçı sıxıntısı "Qarabağ"lı Amin Ramazanovla yoluna qoyulubsa, Eyden Makkarti, Yunis Laçab, Junior Erivaldo Almeyda, Rodriqo Fernandeş və Ksander Severina komandanın gücünə güc qatmalıdır.
ÇL-in 1-ci təsnifat mərhələsində Uels TNS-i ilə görüşlər göstərdi ki, Dambrauskas hələ də ötən mövsümkü futbolçulara daha çox güvənir. Amma yenilərin komandaya və ölkəyə uyğunlaşması tədricən irəlilədikcə, "Sabah" ötən mövsümkü kimi çempionluğa oynayacaq, ilk növbədə "Qarabağ"a başağrısı olmağa davam edəcək.
"Qarabağ"
Gələnlər: Jali Muaddib ("Omoniya", Kipr), Zakaria Savo ("Yurqorden", İsveç), Samuel Lobato ("Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ( “Pari Nijni Novqorod”, Rusiya), Bençe Varkonyi (“Zalaeqerseq”, Macarıstan), Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan).
Gedənlər: Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae (icarədən qayıdıb), Toral Bayramov ("Bursaspor", Türkiyə), Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade (“Polesye”, Ukrayna), Amin Ramazanov ("Sabah"), Kamilo Duran ("Seltik", Şotlandiya).

O "Qarabağ"a ki, son illərdən fərqli olaraq, heyətində köklü dəyişikliyə əl atıb. Qurban Qurbanov ÇL-ə vəsiqə əldə edə bilməmələrini fürsət bilib nəsildəyişmə prosesinə start verdi. Ramil Şeydayev, Sami Mmae, Fabian Buntiç, Amin Ramazanov kimi "yaralı barmağa dərman ola bilməyənlər"lə yanaşı, Emmanuel Addai, Toral Bayramov, Kevin Medina, Leandro Andrade və Kamilo Duran kimi əsas heyət üzvlərinə də "yaşıl işıq" yandırıldı. O başqa məsələdir ki, klub onlardan bəzilərini satmaqla maddi mənfəət götürdü. İnsafən, klub sanki buna çoxdan hazırmış kimi, transferləri bir-birinin ardınca sıraladı. "Qarabağ" artıq 8 yeni oyunçu ilə güclənib. AL-in ilk təsnifat mərhələsi "köhlənlər" üçün bu mənada sərgi oldu. Belə ki, elə ilk sınaqlar - İslandiya "Vestri"si ilə qarşılaşmalar klubun Zakaria Savo, Bruno Lanqa, Renaldo Sefas kimi oyunçulardan "bal tutub barmaq yalayacağı"na əminlik yaratdı. "Qarabağ"ın bununla kifayətlənməyəcəyi, daha 1-2 transfer reallaşdıracağı gözlənilir.
"Turan Tovuz"
Gələnlər: Dioqu Balau ("Şamaxı"), Aleksey Kenyaykin ("Rubin", Rusiya).
Gedənlər: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov ("Zirə").
Premyer Liqanı bürünc mükafatçı kimi başa vuran və 32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan "Turan Tovuz"un Konfrans Liqasında iştirakına son anda qadağa qoyulması klubun hazırlıq planlarını pozdu. Hətta Türkiyəyə iki dəfə yola dəyən "qurdlar" buna rəğmən, heyətində böyük dəyişiklik etmədi. Bu mənada yalnız "Zirə"yə keçən Ayxan Hüseynovla Filip Ozobiçin ayrılığı gözlənilməz alındı. Müdafiəçi Şəhriyar Əliyev, yarımmüdafiəçi Tural Bayramlı və qapıçı Sergey Samok içə bu və ya digər səbəblərdən əsas heyətə mütəmadi düşə bilməmələrindən narazı idilər.
Bölgə təmsilçisinin rəhbərliyi hələki baş məşqçi Kurban Berdiyevin sərəncamına iki yeni oyunçu verə bilib. Qapıçı Aleksey Kenyaykin Berdiyevə doğma olan "Rubin"dən gəlibsə, son mövsümdə "Şamaxı"da özündən söz etdirməyi bacaran yarımmüdafiəçi Dioqu Balaunun potensialı hamımıza tanışdır.
İstənilən halda, "Turan Tovuz" heyətində daha ciddi dəyişikliklər etməlidir. Onsuz da ötən mövsümün sonuna yaxın sıxıntılar var idi. Təsadüfi deyil ki, çempionatın son 5 turunda cəmi 1 qələbə qazanan və "Neftçi"nin xal fərqini bərabərləşdirməsinə şərait yaradan, yalnız əlavə göstəricilərə görə mükafatçılar arasında qalan "qurdlar" əsas rəqiblərinin gücləndiyini nəzərə almasa, başı ağrıya, növbəti mövsüm sırf oyun nöqteyi-nəzərdən avrokuboka düşməyə bilər.
"Neftçi"
Gələnlər: Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman ("Santa Klara", Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan).
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov ("Pafos", Kipr), Cordan Rezabala.
"Qarabağ", "Sabah" və "Zirə"dən fərqli olaraq, "Neftçi"ni hələ iş başında görə bilməmişik. Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən start verəcək "ağ-qaralar"ın yay fasiləsini necə keçirdiyini gələn həftədən etibarən biləcəyik. Amma klubun transfer fəaliyyətini qənaətbəxş saymaq olmur. Ən azından kəmiyyət baxımından bu, belədir. Klub yayda 5 futbolçu ilə yollarını ayırıbsa, hələ cəmi 4 yeni transfer reallaşdırılıb. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabalanın boşaltdığı mövqelərə Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon və Lyubomir Tupta gətirilib. Paytaxt klubu növbəti mövsümdə mükafatçılar sırasına düşmək, "Qarabağ"la "Sabah"a "əlcək atmaq" üçün azı 2-3 transfer də reallaşdırmalıdır. Sloveniyada baş tutan yoxlama oyunlarının gedişatı və nə qədər əsas sayılmasa da, nəticələr də problemlərin qalmasından xəbər verdi.
"Zirə"
Gələnlər: Amin Seydiyev ("Sabah"), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Ayxan Hüseynov ("Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu.
Gedənlər: Rüfət Abdullazadə (icarə müddəti bitib), Ceyhun Nuriyev, Eldar Quliyev, Leroy Mikels, Stefan Akka, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov ("Araz-Naxçıvan").

KL-in püşkatması ərəfəsində avrokuboka vəsiqə əldə etdiyi dəqiqləşən "Zirə" də "Qarabağ"ın yolu ilə getməyə, heyətində əsaslı islahata qərar vermişdi. Təsadüfi deyil ki, mövsüm başa çatar-çatmaz 9 futbolçunun gedişi elan olunmuşdu. Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Eldar Quliyev, Leroy Mikels, Stefan Akka, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradov kimi futbolçulara sırf mükafatçılar sırasına düşə bilmədiklərinə görə "yaxşı yol" deyilmişdi. Tələsik təlim-məşq toplanışı keçirən, sıx qrafiklə sınaq matçlarına çıxan "qartallar" yerli "bazar"dan "Sabah"dan Amin Seydiyevi, "Turan Tovuz"dan Ayxan Hüseynovu və "İmişli"dən Hüseynəli Quliyevi alıb. Əcnəbilərə gəlincə, qapıçı Maykon Kleytonun transferi uğursuz oldu. Portuqaliyadan gələn qolkiper toplanış zamanı əlindən ciddi zədə alıb. Bu üzdən "çərçivə" yenə sabiq qapıçı Tyaqu Silvanın əvəzləyicisi Aydın Bayramovun ümidinə qalıb. Bundan başqa, "Zirə"nin son transferi isə Fil Dişi Sahilindən olan gənc yarımmüdafiəçi Kris Diqbeudur.
Qeyd etdiyimiz məqamlara baxmayaraq, "Zirə" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində hamının çəkindiyi "Torpedo Kutaisi"ni "təkayaq" adladı. Komandamız Gürcüstan təmsilçisini hər iki oyunda 3:0 hesabı ilə yenərək iddiasını ortaya qoydu. Yeni mövsümün startına bir aya yaxın vaxt qaldığını nəzərə alsaq, daha bir neçə transfer "qartallar"ın gücünə güc qatar.
"Araz Naxçıvan"
Gələnlər: Cavid Hüseynov (baş məşqçi), Luka Dumançiç ("Persis", İndoneziya), Alberto Qarsiya Fernandes (“Akritas Xloraka”, Kipr), Rəşad Həsənv ("Cəbrayıl"), Alexandro Herrera ("San Kristobal", Dominikan Respublikası), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padanq", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland), Abdallah Sudi ( "Persijap", İndoneziya).
Gedənlər: Andrey Demçenko (baş məşqçi), Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Urfan Abbasov.
"Araz-Naxçıvan" yeni mövsüm ərəfində tamamilə "qabıq dəyişib". Rəhbərlikdən tutmuş baş məşqçiyə və heyətə kimi hamısı yenilənib. Andrey Demçenkonu yola salan və yerinə Cavid Hüseynovu gətirən "köhnə rəhbər" Zaur Axundov daha sönra öz yerini Ceyhun Sultanova verdi. Futbolçulara gəlincə, düz bir "11-lik" tərkibdən (Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Urfan Abbasov) imtina olunub. Əsas işi menecerlik olan Sultanov transfer baxımdan statusunu doğruldur. Belə ki, maddi dayaqlarının zəifləməsinə baxmayaraq, "Araz-Naxçıvan" artıq heyətə 8 yeni futbolçu cəlb edib. Onlardan 6-sı legionerdir. Ötən mövsümkü heyətdən İssouf Paro ilə yeni anlaşma əldə olunduğunu, Şarl Boli və Patrik Andradenin isə müqavilə ilə kluba məxsus olmasını nəzərə alsaq, əcnəbi sayı 9-a çatır. Görünən odur ki, "Araz-Naxçıvan" yeni mövsümdə ortabab statusunu doğrulda biləcək.
"Sumqayıt"
Gələnlər: Filipe Kandido (baş məşqçi), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya).
Gedənlər: Saşa İliç (baş məqşçi), Aleksandr Ramalinqom, Rayan Senhadji.
Baş məşqçisi ilə yollarını ayıran daha bir klubumuz "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisi serb Saşa İliçi portuqaliyalı Filipe Kandidu ilə əvəzləsə də, heyətlə bağlı durğunluq davam edir. Premyer Liqa klubu yalnız yeni baş məşqçinin vətənindən Jeymes Almeyda ilə anlaşa bilib. Doğrudur, "Sumqayıt"ı tərk edən də azdır. Yalnız Aleksandr Ramalinqom və Rayan Senhadjinin xidmətinə ehtiyac duyulmayıb. Ötən mövsümkü nəticəni və heyətə əl gəzdirilmədiyni nəzərə alsaq, "Sumqayıt"ın "yerində sayacağını" proqnozlaşdırmaq çətin deyil. Ancaq digər ortababların güclənməsi "kimyaçılar"ı narahat etməlidir. Əks halda, komanda Premyer Liqanı tərk etməyə əsas namizədlərdən olacaq.
"Şamaxı"
Gələnlər: Azər Bağırov (baş məşqçi), Emin Rüstəmov ("Karvan-Yevlax"), Sənan Muradlı ("Sumqayıt", icarə), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ"), Hacıəli Şirəliyev ("Difai"), Nicat Qaragözlü ("Neftçi"), Joau Oliveyra "Jota" (“Sao Joao de Ver”, Portuqaliya), Rui Paçexo (“Paredes”, Portuqaliya), Teshager Degu ("İroni Modin", İsrail), Tornike Axvlediani ("İberiya", Gürcüstan).
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Karim Rossi ("Qəbələ"), Rüfət Abbasov ("Neftçi"), Emil Süleymanov, Ramiz Muradov, Davud Mansumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandeş ("Sabah"), Andrey Tırkovyanu, Arsen Ağcabəyov ("Şəfa"), Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehrəlıyev, Bilal İsmayılov, Sezar Enrike, Alfons Mabula Msanqa, Dioqu Balau ("Turan Tovuz").
Köklü dəyişikliyə məruz qalan klublardan biri də "Şamaxı"dır. Hətta heyətin büsbütün yeniləndiyini deyə bilərik. Baş məşqçi Ayxan Abbasovu və onun güvəndiyi 17 futbolçunu (!) göndərən bölgə təmsilçisi Azər Bağırovun rəhbərliyi altında yeni komanda formalaşdırır. Artıq 11 yeni transfer reallaşdırılıb. Onlardan 4-ü legionerdir ki, portuqaliyalı müdafiəçilər Jota və Rui Paçexo, o cümlədən israilli yarımmüdafiəçi Teshager Degu və gürcü hücumçu Tornike Axvlediani klubun aşağı büdcə tələbinə uyğundur. Yerli oyunçular isə maksimum 4 min maaşlıq futbolçulardır.
Təbii ki, yeni komandada adətən problem olur. Komandanın mövsümün startına qədər uyğunlaşma problemini nə qədər geridə qoya biləcəyini zaman göstərəcək. Ancaq Azər bəyin əvvəlki illərdə "Kəpəz"də də eyni situasiya ilə üzləşdiyini və "sıfır"dan komanda qurmaq baxımdan təcrübəsinin olduğu bəllidir. İstənilən halda, "Şamaxı"nın növbəti mövsüm elitada qalmaq uğrunda mübarizə aparacağı gözləniləndir.
"İmişli"
Gələnlər: Fərid Namazov (baş məşqçi), Seyxan Fərəcov (MOİK), Fərid Nəbiyev ("Kəpəz"), Bəxtiyar Həsənalızadə ("Araz-Naxçıvan"), Sadiq Məmmədzadə ("Qarabağ"), Yusif İmanov ("Kəpəz").
Gedənlər: Jorje Kaşkilya (baş məşqçi), Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev ("Zirə"), Andrey Sinenka, Rafael Vieqas, Ezekiel Morqan.
"İmişli" də növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq. Ancaq komandanın köhnə-yeni çalışdırıcısı Fərid Namazovun o baxımdan şanslıdır ki, rəhbərlik onun ixtiyarına nisbətən sabit heyət verib. Sabiq baş məşqçi Jorje Kaşkilyanın gətirdiyi legionerlərdən yalnız Andrey Sinenka, Rafael Vieqas və Ezekiel Morqan göndərilib. Əvəzində 8 əcnəbi növbəti mövsümün hazırlığında iştirak edir. Üstəlik, bölgə təmsilçisi yeni çempionatın startına 10 əcnəbi kvotası ilə başlamağı planlaşdırır. Yerlilərdən Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə və Hüseynəli Quliyevi yola salan "İmişli"nin gətirdikləri daha təcrübəlilərdir. Belə ki, klub "Kəpəz"dən Fərid Nəbiyevlə Yusif İmanovu, "Araz-Naxçıvan"dan Bəxtiyar Həsənalızadəni, o cümlədən MOİK-dən Seyxan Fərəcov və "Qarabağ"dan Sadiq Məmmədzadəni sıralarına cəlb edib. Bu heyət ilk "6-lığ"a düşmək tapşırığını olmasa da, ötən mövsümkü mövqeyindən (9-cu yer) daha yuxarıda qərarlaşmağa kifayət edir.
"Kəpəz"
Gələnlər: Azər Məmmədov (baş məşqçi), Vadim Abdullayev ("Karvan-Yevlax").
Gedənlər: Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli ("Şəfa"), Məhəmməd Hüseynov ("Şəfa"), Fərid Nəbiyev ("İmişli"), Luis Paçu, Camal Cəfərov, Yusif İmanov ("İmişli"), Ehtiram Şahverdiyev, Olavale Onanuqa.
Premyer Liqaya yüksəldiyi gündən aşağı sıralarda var-gəl edən "Kəpəz" azarkeşlərini yenə həyəcan vəd edir. Hər halda, Gəncə təmsilçisinin transfer bazarındakı susqunluğu onu indidən autsayder mövqeyinə təhkim edir. Azər Bağırovla yolları ayırıb digər Azərə - yerli Azər Məmmədova güvənən "Kəpəz" cəmi bir transfer həyata keçirib. Son klubu "Karvan-Yevlax" olan Vadim Abdullayev "sarı-göylər"ə qoşulan ilk və hələki son futbolçudu. Halbuki, komandanı 8 futbolçu tərk edib. Rauf Hüseynli və Məmməd Hüseynov "Şəfa"ya, Fərid Nəbiyev ilə Yusif İmanov "İmişli"yə üz tutub, həmçinin, Luis Paçu, Camal Cəfərov, Ehtiram Şahverdiyev və Olavale Onanuqa Gəncə təmsilçisindən ayrılıb.
"Qəbələ"
Gələnlər: Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi ("Şamaxı").
Gedənlər: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (icarə müddəti bitib). Murad Musayev ("Şəfa"), Rza Cəfərov (icarə müddəti bitib), Sambu Sissoko (icarə müddəti bitib), Adriel Ba Loua, Okan Təhməzli, Seydina Keyta.
Görünür, "Qəbələ" də ikinci "6-lıq"da yer almağı və autsayderlərdən olacağı ilə barışıb. Ola bilsin, Kaxaber Tsxadadze komandasının hazırki durumunu Premyer Liqaya döndüyü ötən ilin müvafiq dövründəkindən daha qənaətbəxş hesab edir. Hər halda, bölgə təmsilçisi əlimyandıda heyət formalaşdırmağa ehtiyac duymur. Amma istənilən halda, 9 futbolçu gedib, əvəzində cəmi 3 transfer reallaşdırılıb. "Qırmızı-qaralar" azı 3-4 yeni oyunçu almağı planlaşdırır. Bu gedişatla komandanın ilk "8-liy"ə düşməsi mümkünsüz görünür.

"Şəfa"
Gələnlər: Zaur Həşimov (baş məşqçi), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Arsen Ağcabəyov ("Şamaxı"), Murad Musayev ("Qəbələ"), Məmməd Hüseynov ("Kəpəz"), Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Dilan Mertens ("Telstar", Niderland), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz").
Gedənlər: Elgiz Kərəmli (baş məşqçi), Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Vüqar Həsənov, Ruslan Hacıyev.
Premyer Liqada debüt edəcək "Şəfa" "Sumqayıt", "Kəpəz", "Qəbələ" kimi komandalardan daha təşkilatlanmış formada fəallıq nümayiş etdirir. Doğrudur, elitaya Elgiz Kərəmlinin rəhbərliyi altında yüksələn paytaxt təmsilçisinin onunla vidalaşıb Zaur Həşimovu baş məşqçi postuna gətirməsi çoxları üçün gözlənilməz oldu. Kərəmlinin komandasından 8 futbolçu da göndərildi ki, bu mənada Emin Zamanova qapının göstərilməsi təəccüb doğurdu. Startda Nicat Mehbalıyev, Məmməd Hüseynov, Rauf Hüseynli, Arsen Ağcabəyov, Murad Musayev, daha sonra, Fərid Yusifli kimi yerlilərə güvənən "Şəfa" 4 legionerlə anlaşıb. Çempionatın startına kimi necə hazırlaşmasından, heyətinə kimləri cəlb edəcəyindən asılı olmayaraq, komanda ilk mövsüm üçün qarşısına elitada qalmağı məqsəd qoyub. Təkcə "Şəfa"nın yox, digərlərinin də hədəflərinə nə qədər çatacağını zaman göstərəcək. Bu mənada Premyer Liqanın startından sonrakı bir aylıq müddət bir çox suallara aydınlıq gətirəcək. Necə deyərlər, "cücəni payızda sayarlar".
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
