
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda ÇSKA ilə qarşılaşacaq. Görüş iyulun 30-da Bolqarıstanda baş tutacaq. Ağdam təmsilçisi ilk oyunda 0:0 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb səfər oyunu barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk oyun göstərdi ki, “Qarabağ” üçün asan olmayacaq. Bakıda çətin görüş alınmışdı. Səfərdə də gərgin matç olacaq. Birinci oyunda ərazi üstünlüyü təmsilçimizdə olsa da, ümumi gedişata əsasən deyə bilərik ki, bərabər səviyyəli qarşılaşma oldu. Hər iki komanda qalib də gələ bilərdi, uduza da. Ancaq ədalətli hesab idi ki, belə də oldu. Görünən odur ki, rəqib həm hücumda, həm də müdafiədə balanslı şəkildə formalaşıb. Komanda oyununa üstünlük verirlər, aqressivdirlər. Ağdam təmsilçisini yaxşı analiz etmişdilər. İlk görüşdə ehtiyatlı oynayırdılar. Düşünürəm ki, səfərdə Azərbaycan təmsilçisi üçün nisbətən rahat oyun ola bilər. Çünki rəqib evdə oynayacaq, istər-istəməz irəli gedəcək. Bu isə təmsilçimiz üçün də yaxşı variantdır. Boşluqlar olanda “köhlənlər” rəqiblərini əks-hücumda yaxalamağı sevirlər. Tez qol vursaq, səfərdəki matç evdəki oyundan daha rahat olacaq. Ümumilikdə şanslar bərabərdir. İnanıram ki, növbəti mərhələyə keçən tərəf “Qarabağ” olar".
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Əlisahib İbrahimli