
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Zirə" Estoniyanın "Payde" klubunu qəbul edəcək. Qarşılaşma öncəsi rəqib komandanın futbolçusu Edqar Tur ilə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.
Estoniyalı müdafiəçinin Fanat.Az-a özəl açıqlaması belə oldu:
"İlk matçda qələbə qazansaq da, yaxşı başa düşürük ki, qabaqda hələ 90 dəqiqə var və bu oyun daha çətin keçəcək. Belə qarşılaşmalarda ilk matçın nəticəsinə arxayınlaşmaq olmaz. Yenidən meydana çıxmalı və öz keyfiyyətimizi sübut etməliyik. "Zirə"yə böyük hörmətlə yanaşırıq. Onlar yaxşı formalaşmış, heyətində istedadlı futbolçuları olan komandadır və xüsusilə öz meydanlarında çox təhlükəlidirlər. Bizi çətin oyun gözləyir, lakin biz buna tam hazırlaşmışıq".
Təcrübəli müdafiəçi komandasının Bakıya yalnız müdafiə olunmaq üçün gəlmədiyini və məqsədlərinin növbəti mərhələ olduğunu qeyd edib:
"Ən əsası, biz özümüzə, oynadığımız futbola və gördüyümüz işə inanırıq. Bura ilk matçdakı nəticəni qorumaq üçün gəlməmişik. Öz oyunumuzu nümayiş etdirmək və qələbə üçün döyüşmək üçün buradayıq. Əgər öz səviyyəmizdə oynasaq, intizamı qorusaq və xarakter göstərsək, məqsədimizə çatmaq və növbəti mərhələyə yüksəlmək üçün böyük şansımız olacaq".
Açıqlamasının sonunda Bakı haqqında da xoş təəssüratlarını bölüşən 29 yaşlı futbolçu paytaxtımızdakı atmosferdən razılığını dilə gətirib:
"Onu da qeyd etmək istərdim ki, Bakı çox gözəl şəhərdir. Buradakı atmosfer möhtəşəmdir, insanlar çox qonaqpərvərdirlər və bura gəlmək həmişə xoşdur. Ümid edirəm ki, azarkeşlər maraqlı və keyfiyyətli oyundan zövq alacaqlar. Biz də azarkeşlərimizi sevindirmək və onları qürurlandıracaq nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Kamil Xudiyev