
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "KuPS" ilə üz-üzə gələn "Sabah" 2:0 hesablı qələbə qazandı. Xatırladaq ki, "bayquşlar" Finlandiya çempionuna evdə 1:0 qalib gəlmişdi. Beləliklə, paytaxt təmsilçisi ÇL-in 3-cü mərhələsinə adladı.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi və tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah"ın səfər oyunu və uğurlu çıxışı ilə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maraqlı oyun alındı. Birinci hissə ağır keçsə də, "Sabah" ikinci yarıda oyunun taleyini həll etməyi bacardı. İlk hissədə "KuPS" daha çox qol epizodu yaratdı. Lakin "bayquşlar"ın Mikelslə əldə etdiyi bir qol şansı var ki, ondan yararlansaydı, ilk hissədə bir az rahat olardı. Təmsilçimiz qol vurmadıqca psixoloji basqı altında qalırdılar, amma topu tordan keçirməyi bacardıqdan sonra rahatlaşdı və sonda oyundan qalib ayrılan tərəf oldu.
Uğur bütövlükdə komandanın, yoxsa baş məşqçinin ayağına yazılmalıdır? Bir avtomobil "Formula 1" yarışında 1-ci yerə çıxırsa, onu pilot lider edir, yoxsa texnika daha yaxşıdır? Sürücü olmadan maşın getməz. Əlbəttə, bunun üçün avtomobil də yaxşı olmalıdır. Hər ikisinin böyük rolu var. Məşqçi çox yaxşı olsa, oyunçular isə əksinə, istənilən keyfiyyətdə olmasa, uğur qazanmaq çətindir. Həmçinin futbolçular çox yaxşı olsa, ancaq mütəxəssis onları idarə edə bilməsə, heç bir nailiyyətdən söz gedə bilməz. Hər iki amil böyük rol oynayır".
Qeyd edək ki, "Sabah" növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. İlk oyun avqustun 4-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Əlisahib İbrahimli