
"İlk qolu vuran tərəf böyük psixoloji üstünlük qazanacaq".
Bunu Fanat.Az-a açıqlamasında Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Estoniya "Payde"sinin şanslarını dəyərləndirən Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
60 yaşlı mütəxəssis "qartallar"ın ilk oyundakı məğlubiyyətin əvəzini çıxa biləcəyinə inandığını bildirib:
"Açığı, "Zirə"nin oyununu tam izləmədiyim üçün detallı - tərəflər arasında səviyyə fərqi, oyunçuların keyfiyyəti barədə fikir bildirməkdə çətinlik çəkirəm. Komandaların bugünkü oyuna necə köklənəcəklərindən çox şey asılı olacaq. Hesab ümidsizliyə əsas vermir. 0:1-i aradan qaldırmaq çətin olmamalıdır. Bəxt amili də önəmli rol oynaya bilər. Hesab edirəm ki, ilk qolu vuran tərəf həm də böyük psixoloji üstünlük qazanacaq. İlk oyunda uduzmasına baxmayaraq, "Zirə"ni mərhələ adlamağa daha yaxın hesab edirəm. Ümumiyyətlə, ilk oyunlardan sonra təmsilçilərimizin heç birinin taleyi həll olunmayıb və şanslar kifayət qədər var".
Xatırladaq ki, "Zirə" - "Payde" matçı Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək.
Mirağa