
FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeyro "Forward Enterprise" layihəsinə etiraz olaraq istefa verib.
Fanat.Az-ın məlumatına görə, qurum funksioneri bunu "Əl-Cəzirə"yə açıqlamasında deyib.
Sözügedən layihə İnfantinonun ideyasıdır və dünya çempionatının, eləcə də digər beynəlxalq turnirlərin kommersiya aktivlərinə özəl investorları cəlb etmək məqsədi daşıyır.
Kordeyro FİFA prezidentinə qarşı çıxmasını belə əsaslandırıb:
"Açıq deyim: Mən bu təklifin hazırlanmasında iştirak etməmişəm və birmənalı şəkildə buna qarşıyam. Bu, FİFA-nın üzv assosiasiyaları, futbol və oyunun uzunmüddətli gələcəyi üçün pis bir razılaşmadır. FIFA heç bir əsaslandırma olmadan futbolun gələcəyini girov qoyur. FIFA prezidenti özü 2022-2026-cı illər arasında 15 milyard dollar gəlir əldə edildiyindən danışıb. Təşkilat artıq mövcud resurslarından istifadə edərək milli assosiasiyalara əlavə dəstək göstərmək üçün maliyyə imkanlarına malikdir. Bu fonda futbolun ən dəyərli aktivində daimi payı sataraq 4,2 milyard dollar toplamaq məntiqsizdir".
Qeyd edək ki, İnfantinonun təklifinə KONKAKAF və UEFA-nın bütün üzvləri də qarşı çıxır. Avropa futbol qurumu hətta gələcək FIFA turnirlərini boykot etməyə hazırlaşır.
Mirağa