
"Trabzonspor"un yeni transferi, misirli ulduz futbolçu Məhəmməd Salah azarkeşlərin qarşısında keçirilən mərasimdə onu qırmızı-mavi rənglərə bağlayan müqaviləni imzalayıb.
Fanat.Az "beIN Sports" a istinadən xəbər verir ki, "Papara Park"da imzalama mərasimini izləmək istəyən minlərlə azarkeş tədbir başlamazdan saatlar əvvəl stadiondakı yerlərini tutub.
Azarkeşlər "Trabzonspor" klubunun prezidenti Ərtoğrul Doğan ilə birlikdə meydana çıxan Salahı məşəllər və uzun sürən alqışlarla qarşılayıblar.
Vingeri imzalama mərasiminin keçirildiyi tribunaya qədər müşayiət edən Doğan çıxışında dedi: "Qoy, dünya səviyyəli ulduzumuz bizə uğur gətirsin. Hər birinizə təşəkkür edirəm. Gəldiyiniz üçün sağ olun".
Çıxışına "Salam" deyərək başlayan Məhəmməd Salah bunları bildirib:
"Burada olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Kaş ki, türk dilində danışa bilsəydim, amma bacarmıram. Həyatımda ilk dəfədir ki, belə bir qarşılanma görürəm. Həm dünən, həm də bu gün inanılmaz sevgi göstərdiniz. Bu, mənim üçün möhtəşəm bir təcrübə oldu. Klubdakı hər kəsə və prezidentimizə səmimi təşəkkürümü bildirirəm. Burada olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm və uğur qazanmaq üçün buradayam. Bu klub üçün kuboklar qazanmağa gəlmişəm, hamınızla birlikdə oyunlara çıxmağı və məşqlərə başlamağı səbirsizliklə gözləyirəm."
İmzalama mərasimindən sonra Doğan, imzalamada istifadə olunan qələmi günün xatirəsi olaraq Salaha hədiyyə edib.
Daha sonra misirli ulduz meydana çıxdı, tribunaları dolaşdı və azarkeşlərlə birlikdə ənənəvi "üçlü" (üç dəfə alqış) şüarını səsləndiriblər.
Telefonu ilə tribunaları lentə alan və "bizə hər yer Trabzondur" deyən Salah, həmçinin bəzi azarkeşlərlə xatirə şəkilləri çəkdirib.
Əlisahib İbrahimli