
"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su qarşılaşıb. "Köhlənlər" səfər matçında 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb məğlubiyyətin səbəblərini və cavab matçı barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Dünənki matçda ilk dəqiqələrdən "Qarabağ" təşəbbüsü ələ aldı. Demək olar ki, topa nəzarət də, ərazi üstünlüyü də bizdə idi. Amma bütün bunların fonunda hücumda "dişsizlik" görünürdü. Son vuruşlarda, perspektivli ötürmələrin sayında problemlər var idi. Səbəb budur ki, yeni oyunçular nə qədər keyfiyyətli olsalar da, hələ də tam uyğunlaşmayıblar.
Yəni "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir. Amma şansları var. Düzdür, "Dinamo"nun oyunçuları ntizamlı, əzmkar və istəkli çıxış edirlər. Xüsusilə də, müdafiə xəttində diqqətli oynayırlar, lakin bunlara baxmayaraq, düşünürəm ki, Ağdam təmsilçisi rəqibindən üstündür. "Qarabağ" Bakıdakı oyunda qələbə qazanıb növbəti mərhələyə adlaya bilər. Ukrayna komandası Polşada qapalı futbol sərgilədi və mənə elə gəlir ki, rəqib cavab matçında daha da diqqətli oynayacaq. Əks-hücumları da çox yaxşıdır... Amma istənilən halda, "Qarabağ" "Dinamo"nu mübarizədən kənarlaşdıra bilər".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması avqustun 13-də reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Əlisahib İbrahimli