
"Neftçi"nin keçən mövsümkü hücumçu transferi ilə bağlı pərdəarxası məqamlar üzə çıxıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Bassala Sambunu rənglərinə bağlamazdan əvvəl "Beşiktaş"ın gənc ulduzu Mustafa Həkimoğlu ilə də ciddi şəkildə maraqlanıb.
Hətta "ağ-qaralar" Türkiyə klubu və futbolçunun tərəfi ilə danışıqlar apararaq keçidin baş tutması üçün prinsipial razılıq da əldə edibmiş. Lakin transferin son anda gerçəkləşməməsinə baş məşqçi Samir Abasovun qərarı səbəb olub.
Mütəxəssis hücum xəttində təcrübəyə üstünlük verərək seçimi Türkiyənin gələcək vəd edən gənc forvardından yox, Seneqal əsilli ingilislə - Bassala Sambudan yana istifadə edib.
Türkiyə nəhəngində bazar dəyəri 5 milyon avroya yüksələn Həkimoğlunun əvəzinə Kiprin "Enosis" klubundan gətirilən Sambu isə gözlənilən ümidləri tam doğrultmaqda çətinlik çəkir.
Kamil Xudiyev