
Azərbaycanın gümüş medalçısı "Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Komandamız inamlı qələbə ilə adını növbəti mərhələyə yazdırıb (2:0).
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçuları təbrik edirəm, gərgin və sürətli bir oyun idi. Bəzi dəqiqələri çıxmaq şərti ilə, meydanda məğlub olmaq istəməyən bir rəqib gördük. Azarkeşlərə təşəkkür edirəm, atmosfer əla idi. Rəqibə də növbəti oyunlarda uğurlar arzulayıram."
- Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi?
"Komandamız daha aktiv idi, topla doğru davranırdıq və rəqibi topsuz qoymağa çalışırdıq. Hazırlaşdığımız çox şey meydanda var idi, komandamdan razi qaldım."
- Mateus Koxalskinin əsas heyətdə başlamamasının səbəbi nə idi? Komandadan getmək ehtimalı var?
"Bəzən futbolçulara istirahət lazımdır. Gedişi ilə bağlı hər hansı bir plan yoxdur. Martin təcrübəli qapıçıdır, onun da performansından razıyam. Növbəti matçlarda Mateusa da şans verməyə çalışacam."
- Formalaşma mərhələsində olan "Qarabağ" sizcə "Tvente"yə qarşı necə performans sərgiləyəcək?
"Düzü, 'Tvente'nin matçına baxmamışam. Bizim üçün onlara qarşı oynamaq xoş olacaq. Niderland çempionatı komandasıdır. Onları analiz etmək üçün kifayət qədər vaxtımız olacaq."
- Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı və "Qarabağ" meydanda bir müddət azlıqda oldu. Bu qaydaya və hakimlərin qərarına münasibətiniz necədir?
"Belə hallarda hakimləri də başa düşmək lazımdır."
- Qapıçı seçiminiz riskli oldu, bu barədə nə düşünürsünüz?
"Risk etməyən qəhrəman olmaz. Martin də yaxşı performans göstərdi, razıyam ondan."
- "Sabah" barədə fikirləriniz necədir?
"‘Sabah’a da uğurlar arzulayıram. Belə klublar olmasa, çempionatımızın səviyyəsi artmaz. Çıxış etdiyi ilk ildən avrokubokların pley-offuna çıxmaq böyük uğurdur. Onların qələbələri bizə də əlavə motivasiya verir."
- Stadionun ot örtüyü o qədər yaxşı deyil, "Sabah" da oyunlarını Tofiq Bəhramovda oynayacaq. Hər gün stadionun ot örtüyünün zədələnmə riski var, bu barədə nə düşünürsünüz?
"Məncə, böyük bir problem olmayacaq. Mütəxəssislər ən yaxşısı üçün çalışırlar."
- Sizcə komandada hansı mövqelər üzrə boşluqlar var və transfer gözlənilir?
"Çatışmazlıqlarımız var, istədiyim dəyişiklikləri bəzən edə bilmirəm. Hazırda hər mövqe üzrə oyunçu axtarışlarımız davam edir."
Kamil Xudiyev