
Misli Premyer Liqasında 1-ci tura yekun vuruldu. Çempionatın açılış oyunu nə ilə yadda qaldı, kim necə göründü, hansı komanda yay fasiləsindən lazımınca yararlana bilib?
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb bu kimi suallarla bağlı fikirlərini, liqadan və komandalardan gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk tur maraqlı və gərgin keçdi. "Turan Tovuz" "Qəbələ" matçında gözlənilən oyun oldu. Komandalar öz güclərini göstərə bilmədilər. Lakin turlar ötdükcə biz artıq adaptasiya olmuş heyətlər görəcəyik. "Turan Tovuz"un hədəfi böyükdür. "Qonaqlar isə öz mövqeyini qorumağa çalışır. Tovuz təmsilçisi görüşü üstün keçirtdi. Lakin "qırmızı-qaralar" da müəyyən qədər bu hücumların cavabın verməyi bacardı. Qurban Berdiyevin də dediyi kimi, 3 xalı qazanmaq vacib idi və onlar bunu bacardı.
"Araz-Naxçıvan" və "İmişli" arasında keçən görüşdə parlaq oyun gözə çarpdı. Baxmayaraq ki, oyunçuların bir-birini tanıması üçün vaxta ehtiyacı var. Matç baxımlı alındı. Tərəflərin səylərinə baxmayaraq, qalibi müəyyən etmək olmadı.
"Sabah"a gəlincə, "Kəpəz" üzərində inamlı qələbə qazandı. "Sarı-göylər" də özünü göstərməyə, asan təslim olmamağa çalışdılar və fikrimcə, bunu bacardılar. Sevindiricidir ki, Azər Məmmədovun komandası uduzsa da, çempiondan çəkinmədi və yaxşı oyun nümayiş etdirdi. "Sumqayıt" - "Neftçi" matçı maraqla gözlənilən oyunlardan biri idi. "Flaqman" bu matçda mesaj verdi ki, zirvəyə oynamaq istəyir. "Ağ-qaralar" öz əzəmətinin qayıtdığını göstərməyə çalışdı. Oyun baxımından bakılılar daha üstün idi. "Sumqayıt"a isə vaxt lazımdır.
Daha bir baxımlı qarşılaşma "Zirə" və "Şəfa" komandaları arasında oldu. "Qartallar" öz ənənəvi oyununu oynadılar. Rəşad Sadıqovun komandası topa nəzarəti və hücumu öz əlində saxlamağı bacardı. "Şəfa" 80-90 faiz yenilənmiş heyətdir. Keyfiyyətə ehtiyac var. Zaur Həşimovun da dediyi kimi, zaman lazımdır.
Turun son matçı "Qarabağ" ilə "Şamaxı" arasında oldu. Ağdam təmsilçisi öz gücünü nümayiş etdirdi. Qonaqlar da yaxşı mübarizə apardılar.
Bir sözlə, bizi maraqlı çempionat gözləyir. Aşkar autsayder statusunda olan komanda yoxdur. Ən azından ilk turda görünmədi. Nə favorit, nə də autsayder haqda indidən heç nə demək olmur. Bunun üçün bir neçə tur da gözləmək lazım gəlir".
Əlisahib İbrahimli