
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah” "Orhus"u məğlub edərək (4:0) pley-off mərhələsinə vəsiqə qazanıb. "Bayquşlar" Liqa mərhələsinə vəsiqə uğrunda son sınaqda İsrailin "Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "bayquşlar"ın pley-off perspektivi barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hapoel Beer-Şeva" öz evində oynamır. Görüş Rumıniyada keçiriləcək. Bu "Sabah" üçün müsbət haldır. Azərbaycan təmsilçisinin rəqibini analiz etməyə də vaxtı oldu. Bu, matça müəyyən təsir edə bilər. Öz oyunlarını oynamalıdırlar. Çoxlu qol vəziyyətləri yaradırlar və bu yaxşı xüsusiyyətdir. Lakin o epizodlardan yararlanmaq lazımdır. İmkanların çoxunu əldən verirlər. Bu problemi aradan qaldırmaq vacibdir. Komanda müdafiədə ağıllı çıxış etməlidir. Eyni zamanda, həmişəki oyun intizamına riayət etməlidirlər. Məncə, "Sabah" öz oyununu oynaya bilsə, iki görüşün nəticəsinə görə turu keçən tərəf olacaq və ÇL-in liqa mərhələsinə adlayacaq".
Qeyd edək ki, "Hapoel Beer-Şeva" – "Sabah" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da Buxarestdə “Rapid Arena”da baş tutacaq. Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.
Əlisahib İbrahimli