
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" dünən "Tvente" ilə qarşılaşıb. Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "köhlənlər"in qələbəsi və cavab matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" əsas işi yerinə yetirib. Avropa üçün sonuncu şansdır. Nəticəyə fikir vermək lazımdır. Komandamız yaxşı hesabla döndü. Daha sonra isə ağıllı davranmaq vacibdir. Müdafiədə və hücumda top saxlamaq önəmlidir. Oyuna nəzarət edəndə istirahət etmək də mümkün olur. Yəni bu zaman rəqib yorulur. "Tvente" matçda topsuz qaldı, buna görə də əldən düşdülər və bunu onların məşqçiləri də söylədi. "Qarabağ"a oyunçular Avropa üçün gəlir. Çünki burada özünü göstərib daha böyük klublara getmək imkanı tapırlar.
Rəqib görüşdə çox qol vəziyyəti yaratdı. Bunlara diqqət etməliyik. "Qarabağ"da cinahlar yaxşı oynadı. Sadəcə, bir az vaxt lazımdır. Məncə, iki oyunun nəticəsində komandamız mərhələni keçən tərəf olacaq".
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da reallaşacaq.
Əlisahib İbrahimli