
"Milan"ın hücumçusu Kristofer Nkunku karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, fransalı forvard sabiq klubu "Leypsiq"ə qayıtmaq barədə razılığa gəlib.
Jurnalist Canluka Di Martsionun yaydığı məlumata görə, o, "Nyukasl" və digər Premyer Liqa təmsilçilərinin marağına baxmayaraq, Almaniya klubuna üstünlük verib.
"Leypsiq" 28 yaşlı futbolçu ilə satınalma seçimi əsasında icarə müqaviləsi bağlamağı düşünür. Bonuslar da daxil olmaqla, müqavilənin ümumi dəyərinin 33-35 milyon avro olacağı bildirilir.
Nkunku ötən mövsüm "Çelsi"dən "Milan"a transfer olunub. "Qırmızı-qaralar" bu keçid üçün qarşı tərəfə 37 milyon avro ödəyiblər.
O, 2019-2023-cü illərdə "Leypsiq"də oynayıb. Almaniya klubunun heyətində Bundesliqada 119 matça çıxan fransız forvard 47 qol, 43 assistlə yadda qalıb.
Mirağa